“Keçmiş” hissi yaddaşımızdakı məlumatlara əsasən əmələ gəlir
Allah Qatında zaman yoxdur. Bütün hadisələr bir anda baş verir və o “bu andır”. Bizə edilən təlqinə görə keçmiş, indiki və gələcək zamanın olduğunu zənn edirik. Əslində isə “keçmişi” qavramağımızın yeganə səbəbi hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbə getdiyimiz an hafizəmizdə olan bir məlumatdır və buna görə də biz bunu keçmiş hadisə kimi qiymətləndiririk. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində isə necə keçmiş hadisələr bizim üçün yaşanmış, təcrübədən keçirilmiş, görülmüş hadisələrdirsə, eləcə də, gələcək hadisələr artıq yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilmirik.
Əgər Allah gələcəklə bağlı hadisələri də hafizəmizə versəydi, onda gələcək də bizim üçün keçmiş olardı. Məsələn, 30 yaşlı insanın hafizəsində 30 illik xatirələr var və buna görə bu insan 30 illik bir keçmişi olduğunu düşünür. Əgər bu insanın hafizəsinə 30-la 70 yaş arasındakı gələcəyinə dair xəbərlər verilsəydi, onda 30 yaşlı insan üçün həm 30 ili, həm də 30-la 70 yaşı arasındakı “gələcəyi” keçmiş zamana çevrilərdi. Çünki bu vəziyyətdə keçmişi də, gələcəyi də hafizəsində mövcud olacaq, hər ikisi də onun üçün yaşanmış, görülmüş, təcrübədən keçirilmiş hadisələr olacaq.
Ancaq Allah bizə hadisələri kiçikdən böyüyə doğru, sanki keçmişdən gələcəyə axan bir zaman var imiş kimi hiss etdirdiyi üçün bizə gələcəyimizlə bağlı hadisələri bildirməz, bunlar haqqında məlumatı hafizəmizə yerləşdirməz. Gələcək bizim hafizəmizdə yoxdur, ancaq Allahın sonsuz hafizəsində bütün insanların keçmişləri və gələcəkləri vardır. Bu, bir insanın artıq mövcud olan filmi seyr etməsi kimidir. Film artıq çəkilmiş və bitmişdir. Ancaq bu filmi irəliyə ötürmə imkanı olmayan insan kadrları bir-bir seyr etdikcə həyatını görür. Hələ seyr etmədiyi kadrların isə gələcəyi olduğunu zənn edərək yanılır.
Keçmiş və gələcək əslində “bu an” yaşanır
Allah bu görüntülərin hamısını “bu anda”, bizim bilmədiyimiz şəkildə görür və eşidir. Allah bizim eşidə bilmədiyimiz dalğa ölçüsündəki səsləri eşidir və görə bilmədiyimiz görüntüləri görür. Bizim şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah Qatında hər an və bütün canlılığı ilə mövcuddur. Bunların heç biri itməz və hər zaman Allahın hafizəsində bütün detalları ilə yaşanır.
Ancaq bir cəhəti səhv anlamamaq çox vacibdir: bu səhnələrin heç biri xatirə və ya xəyal deyil. Bunların hamısı eynilə yaşadığımız an kimi canlıdır. Hər şey canlı şəkildə qorunur. Allah bizə bu hissləri vermədiyi üçün onları keçmiş hadisələr kimi görürük. Allah istədiyi an bizə bu görüntüləri göstərə bilər, bu hadisələrə aid hissləri verərək bizə də bu hadisələri yaşada bilər.
Allah üçün keçmiş, indiki və gələcək zaman eynidir. Elə buna görə də Allahdan heç nə gizli qalmır. Belə ki, ayədə də bu həqiqətə diqqət çəkilmişdir:
“Oğlum, (dünyada gördüyün hər hansı yaxşı yaxud pis iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər (aşkar edər). Həqiqətən, Allah lətifdir, (hər şeydən) xəbərdardır.” (Loğman surəsi, 16)
Keçmiş və gələcək qeybdən xəbərdir
Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirir. Bunlardan birində belə buyurulur:
De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allah'ın) hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi bir-bir xəbər verəcəkdir!” (Cumuə surəsi, 8)
Adətən qeybin sadəcə gələcəyə aid məlumatlar olduğu düşünülür, ancaq əslində həm keçmiş, həm də gələcək qeybdir. Keçmişdə və gələcəkdə baş verən hadisələr Allah Qatında saxlanılan məlumatlardır. Ancaq Allah Öz Qatında olan qeyb xəbərlərindən bəzilərini insanların hafizələrinə verərək bunları bilinən, yəni müşahidə edilən hala salır. Allah bəzi ayələrində keçmişə aid məlumatlar verərək Peyğəmbərimizə bunların qeyb xəbərləri olduğunu söyləmişdir. Hud surəsində belə buyurulur:
“Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir!” (Hud surəsi, 49)
Allah Peyğəmbərimizə hələ baş verməmiş bəzi hadisələrlə bağlı xəbərlər də vermişdir ki, bunlar gələcəyə aid qeyb xəbərləridir. Məsələn, Məkkənin fəthi (Fəth surəsi, 27) və Romalıların bütpərəstlərə qalib gəlməsi (Rum surəsi, 3-4) kimi hadisələr hələ baş vermədən əvvəl Peyğəmbərimizə bildirilmişdir. Peyğəmbərimizin qiyamət əlamətləri, axırzamanla bağlı hədisləri də o dövrün bütün insanları üçün qeyb xəbərlərini Allahın ona öyrətdiyini göstərir.
Məsələn, Hz. Yusifin qardaşlarının tələsinin boşa çıxacağı xəbər verilmiş, (Yusuf surəsi, 15), Hz. Musanın anasına körpə oğlunu Fironun zülmündən xilas olacağı və peyğəmbər olacağı vəhy ilə açıqlanmışdır. (Qəsəs surəsi, 7)
Burada keçmiş, gələcək və hafizə ilə bağlı izah edilənlər Qurana əsaslanan və qədərin dərk edilməsini təmin edən çox əhəmiyyətli məlumatlardır. Bu mövzunu qavrayan mömin Allaha və Onun yaratdığı qədərə təslimiyyətin bəxş etdiyi təvəkkülü tam şəkildə yaşayacaqdır. Bir ayədə möminlərin belə dediklərindən xəbər verilir:
De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)