DÜNYA MÜSƏLMANLARININ ƏZİYYƏTLƏRİNƏ SON VERMƏK ÜÇÜN HƏR KƏS MƏSULİYYƏT DAŞIYIR

İslama xidmət etməyin, İslam əxlaqını insanlar arasında yaymağın nə qədər əhəmiyyətli olduğunu başa düşmək üçün dünyadakı müsəlmanların vəziyyəti haqqında bir neçə dəqiqə düşünmək kifayətdir.
 
Bütün dünyadakı insanların və dünyanın hər yerində yaşayan müsəlmanların vəziyyətinə baxdığımız zaman möminlərin bu əxlaqı güclərinin yetdiyindən daha artıq yaşamasının vacibliyi bir daha ortaya çıxır. Hər gün qəzetlərdə və televizorda dünyanın hər yerində Quran əxlaqının yaşanmamasından qaynaqlanan xaosa, zülmlərdən  əziyyət çəkən insanların həyatına şahid oluruq. Fələstində,  İndoneziyada, Şərqi Türküstanda, Çeçenistanda və ya dünyanın başqa yerlərində bir ovuc torpaq üçün yerdə sürünən, uşaqlarının gözü önündə təpiklənən insanlar, daşlarla silahlanan və özlərini müdafiə etməyə çalışan kiçik uşaqlar hər insana tanış olan mənzərələrdir.

Hər yerdə müharibələr, ölkədaxili xaos hökm sürür. Bu müharibələrdə Bosniya və Hersoqovinada, Kosovoda, Əlcəzairdə, Tunisdə, Eritreya, Misirdə, Əfqanıstanda, Kəşmirdə, Ruandada, Şərqi Türküstanda, Çeçenistanda, Vyetnamda, Taylandda, Filippində, Birmada və ya Sudanda yüz minlərlə silahsız insan həyatını itirmiş, qadınlar təcavüzə məruz qalmış, işgəncə görmüş, milyonlarla insan evlərindən, yurd-yuvalarından çıxarılmış, şikəst edilmiş, yaxınlarını itirmişlər. Məsum uşaqlar gülləyə hədəf olmuş, körpələr bələklərində qətlə yetirilmiş, qaçmağa çalışan insanlar minalanmış əraziyə düşərək şikəst olmuşlar. İnsanlar tayı-bərabəri olmayan vəhşiliyə məruz qalmış, zülm görmüş, əsir düşərgələrində həyat uğrunda mübarizə aparmışlar. Hələ də bir çox yerdə bu zülmlər davam edir. Qadınlara, uşaqlara zülm və əziyyət verilməyə davam edilir. Müsəlman cəmiyyətlər bir-bir azadlıqlarını itirirlər, onlara yardım əli uzadacaq vicdanlı insanların yardımını gözləyirlər, ancaq səslərini ictimaiyyətə çatdıra bilmirlər. Müsəlmanların zülm gördükləri ölkələrdən yalnız bir neçəsinə qısaca nəzər salsaq, bu məsələnin vacibliyi daha yaxşı başa düşülər.
 
 
Şərqi Türküstanda yaşanan zülm
 
Allah bir ayəsində bu şəkildə buyurur:
 
 
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu ölkədən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!”- deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
 
Zülm görən, işgəncə ilə öldürülən insanlar, məsum körpələr, çörək almağa pulu belə olmayanlar, soyuq havada, bez çadırlarda küçədə yatanlar, xəstəliklərdən müalicə olunmağa pul tapa bilməyənlər və ya yaşlı və gücsüz olmalarına baxmayaraq, xəstəxana qapılarında saatlarla, hətta günlərlə müalicə üçün növbədə gözləyənlər, sadəcə müəyyən bir qəbiləyə mənsub olduqları üçün qətlə yetirilənlər, dinlərinə görə evlərindən, yurdlarından çıxarılan qadınlar, uşaqlar və yaşlılar, bir tərəfdə ardı-arası kəsilməyən israfçılıq, digər tərəfdə isə aclıqdan əziyyət çəkən, ölümə tərk edilən zavallı insanlar, küçəyə atılan kiçik və müdafiəsiz uşaqlar, ailəsini dolandırmaq üçün kiçik yaşda məktəbə getməyib, oyun oynamayıb işləyən və ya dilənən uşaqlar, hər an düşmənləri tərəfindən öldürülmə qorxusu ilə yaşayan insanlar...
 
Burada sadaladığımız insanların varlığından hər kəs xəbərdardır. Hər gün qəzetlərdə, televizorda bu çarəsiz, zavallı, kimsəsiz və möhtac insanların mənzərəsinə rast gəlmək mümkündür. Bir çox insan onların vəziyyətini görür və onlara yazığı gəlir. Ancaq bir müddət sonra danışdığı mövzunu və ya kanalı dəyişdirdikdən, ya da qəzetin səhifəsini çevirdikdən sonra bu insanların varlığını unudur. Çoxları bu insanları düşdükləri vəziyyətdən qurtarmaq üçün cəhd etmək lazım olduğunu heç fikirləşməz və “dünyada o qədər varlı və güç sahibi insan var ikən o insanları qurtarmaq mənə qalıb?” deyərək məsuliyyəti başqalarının üzərinə atır.
 
Ancaq bu insanları qurtarmaq, bütün dünyanın ədalət, rahatlıq və zənginlik içində yaşanan, rifah dolu bir yer olmasını təmin etmək üçün var-dövlət və güc kifayət deyil. Məsələn, dünyada zəngin və inkişaf etmiş ölkələrin kifayət qədər olmasına baxmayaraq, Efiopiyada hələ də insanlar acından ölür. İnkişaf etmiş texnologiyaya və dünyanın zəngin mənbələrinə baxmayaraq, insanların bir boşqab yeməyə möhtac olmaları, var-dövlətin və gücün kifayət etmədiyinin ən bariz nümunəsidir.
 
Var-dövlətin və gücün bu zavallı və möhtac insanların xeyrinə istifadə edilməsi üçün əvvəlcə insanlar vicdanlı olmalıdırlar. Vicdanlı olmağın yeganə yolu isə imandır. Ancaq imanlı insanlar həmişə vicdanlarını dinləyərək hərəkət edirlər.
 
Nəticədə dünyadakı ədalətsizliyin, xaosun, terrorun, soyqırımların, aclığın, səfalətin və zülmün yeganə həlli var: Quran əxlaqı.
 
Dünyadakı problemlərə ümumi şəkildə nəzər saldıqda bütün bu hadisələrin sevgisizlik, nifrət, kin, düşmənlik, mənfəət, eqoistlik, etinasızlıq, mərhəmətsizlik kimi duyğuların və ağılsızlığın səbəb olduğu görünəcəkdir. Bu problemlərin həllinin və tamamilə ortadan qaldırmağın yolları isə sevgi, şəfqət, mərhəmət, rəhm, əvəz gözləmədən xidmət etmə şövqü, düşüncəli olmaq, fədakarlıq, dostluq, anlayış və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqını əskiksiz şəkildə yaşayan insanlara məxsusdur. Allah ayələrində Quranın insanları qaranlıqdan aydınlığa çıxarma xüsusiyyətini belə bildirir:
 
...Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunlaəmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər. (Maidə surəsi, 15-16)
 
Başqa bir ayədə isə Allah Qurana əməl edilmədikdə dünyada hər şeyin pozulacağını xəbər verir:
 
Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət və şərəf (Quran) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən üz çevirirlər. (Müminun surəsi,71)
 
Siz bu yazını oxuyarkən, milyonlarla zavallı insan ya əziyyət görür, ya aclıqdan, ya da soyuqdan ölməmək üçün mübarizə aparır, evindən, ailəsindən və uşaqlarından ayrılır, yurdundan sürgün edilir. Bu səbəbdən, vicdanlı insanlar bütün bunları düşünməli, bu əziyyətlər, fəlakətlər, sıxıntı və çətinliklər özlərinin başına gəlmiş kimi düşüncəli davranmalıdırlar və yardım istəyən insanlara maddi və mənəvi kömək etmək üçün yollar axtarmalıdırlar. Allah iman edən, vicdan və sağlam düşüncəli insanların bu məsuliyyəti üzərinə götürmələrini bir ayəsində belə əmr edir:
 
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu ölkədən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!”- deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
 
Bu xidmətin necə ediləcəyi isə Quran ayələri nəzərdən keçirildiyində açıqca ortaya çıxır. Ən vacib şey Quran əxlaqının dinsizliyə üstün gəlməsi üçün müsəlmanların fikrən mübarizə etmələridir. Bu saytı hazırlamaqda məqsəd bu fikri mübarizə üçün bütün müsəlmanlara yol göstərməkdir. Çarəsiz, kimsəsiz qalan və qorunmağa möhtac olan insanların yeganə qurtuluşu Quran əxlaqının bütün insanlar arasında yayılmasıdır. Beləliklə, bütün insanlara Quran əxlaqını anlatmaq, dini təbliğ etmək hər müsəlman üçün çox vacib və təxirəsalınmaz bir ibadətdir.
Vicdanlarının səsini dinləməyənlər, yetimlərə, yoxsullara, zavallı məsumlara qarşı düşüncəsiz və etinasız davrananlar, dünya həyatında onlara verilən malları boş yerə sərf edənlər, zülm görən qadınları, uşaqları, yaşlıları etinasızlıqla seyr edənlər, hər cür əxlaqsızlığın və çirkinliyin yer üzündə yayılmasından xoşlananlar və bu baxışı təşviq edən insanlar axirətdə bunun hesabını mütləq verəcəklər:
 
Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar. Və xalqı (yoxsulu) yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, onlar öz namazlarında qafildirlər(göstəriş üçün namaz qılarlar) və (xalqa) zəkat verməyi qadağan edərlər. (Maun surəsi, 1-7)


 


 

2009-10-31 22:07:04
Harun Yəhya əsərlərinin nəticəsi| About this site | Ana Səhifəniz Edin | Add to favorites | RSS Feed
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
(c) All publication rights of the personal photos of Mr. Adnan Oktar that are present in our website and in all other Harun Yahya works belong to Global Publication Ltd. Co. They cannot be used or published without prior consent even if used partially.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top