Leninin nümunəsində gördüyümüz kommunist vəhşiliyinin səbəbini yaxşı anlamaq lazımdır. Lenini və araşdıracağımız Stalin, Mao, Pol Pot kimi kommunist liderlərin hər birini qatilə çevirən səbəb nədir?
Bu səbəb materialist fəlsəfə və bu fəlsəfənin insana baxışıdır. Kommunizm əslində materialist fəlsəfənin tarixə uyğunlaşdırılmasından ibarətdir və materialist fəlsəfənin təbiətə uyğunlaşdırılması ilə, yəni Darvinin təkamül nəzəriyyəsi ilə tamamilə eynidir. Bu azğın düşüncələrin bəzi elementlərini isə belə ümumiləşdirə bilərik:
1. İnsan maddədən ibarət olan, ruhu olmayan varlıqdır.
2. İnsan inkişaf etmiş heyvan növüdür. Digər heyvanlardan yeganə fərqi yaşadığı şəraitin onu bir az "əhliləşdirməsidir". İnsanla heyvan arasında başqa fərq yoxdur.
3. İstər təbiətdə, istərsə də insan cəmiyyətlərində dəyişməyən yeganə qanun "qarşıdurma"dır. Qarşıdurma üst-üstə düşməyən mənfəətlər səbəbindən olur. Qarşıdurma nəticəsində bir tərəfin məğlub olması, iztirab çəkməsi, ölməsi son dərəcə təbii və hətta vacibdir.
4. Dolayısı ilə inkişafın reallaşması, məsələn, kommunistlərə görə "kommunist inqilab"ın yaşanması üçün, çox sayda insanın ölməsi, iztirab çəkməsi, işgəncə görməsi qaçınılmazdır və hətta vacibdir.
Kommunizmin və materializmi mənimsəyən bütün ideologiyalar yuxarıda saydığımız müddəalara elmi don geydirmək üçün cəmiyyətlərdə Allah inancını ortadan qaldırmağa çalışırlar. Əslində, materializmin məqsədi də Allah inancını, dini və əxlaqi dəyərləri cəmiyyətdən uzaqlaşdırmaq, beləliklə özünü "ruhsuz heyvan" hesab edən kütlələr meydana gətirməkdir. Bu yolla həmin kütlələri asanlıqla yönləndirəcəklərini, öz iqtidarlarını qoruyacaqlarını, hər cür əxlaqsızlığa və zülmə qanuni zəmin hazırlayacaqlarını zənn edirlər.
İnsana bu şəkildə dəyər verən kommunist ideologiyanın əsas işi insanları bacardığı qədər "heyvanlaşdırmaq", vəhşi heyvanlar kimi zəncirləmək, iztirab və qorxu yolu ilə "tərbiyə etmək" və lazım gəldikdə məhv etməkdir.
Leninin yazılarına baxdığımızda, insanları heyvan növü kimi qəbul edən materialist-darvinist fəlsəfəni çox açıq şəkildə görərik. Belə ki, Lenin heyvanlar üzərində apardığı şərti refleks təcrübələri ilə tanınmış rus alimi Pavlovla görüşmüş və Pavlovun üsullarını rus cəmiyyəti üzərində tətbiq etmək qərarına gəlmişdir. Tarixçi Orlando Fayces (Orlando Figes), A People's Tragedy, A History Of The Russian Revolution (Bir Xalqın Faciəsi, Rus İnqilabının Tarixi) adlı kitabında Leninin rus xalqına hevyan tərbiyəçisi kimi təlim keçməyini və bunun darvinist mənşəyini belə izah edir:
Deyilənlərə görə, 1919-cu ilin oktyabrında Lenin məşhur fizioloq İ.P. Pavlovun laboratoriyasına insan beyninin şərti refleks təcrübələri vasitəsilə idarə olunub-olunmayacağını araşdırmaq üçün gəlmişdi. "Rus kütlələrinin kommunizm sərhədlərini düşünmələrini və buna görə davranmalarını istəyirəm" deyə açıqladı Lenin... Pavlov heyrət içində qalmışdı. Lenin ondan itlər üçün etdiyi şeyi insanlar üçün etməsini istəyirdi. "Rus kütlələrini standart hala gətirmək istəyirsiniz? Hamısının eyni şəkildə davranmasını təmin etmək istəyirsiniz?" deyə soruşdu... "Tamamilə doğrudur" deyə cavab verdi Lenin. "İnsanlar doğru olmalıdır. İnsanlar bizim istədiyimiz formaya düşməlidirlər"...
Kommunist sistemin son məqsədi insan təbiətinin dəyişməsi idi. Bu, digər totalitar rejimlərin də razılaşdığı ortaq məsələdir... Nasist Almaniyasında 1920-ci ildə Yevgenika hərəkatının qabaqcıllarından birinin söylədiyi kimi "İNSAN anlayışında dəyişikliyə şahid olduq.... Qorxunc yevgenika sayəsində əvvəlkinə görə fərqli fərd olmağa məcbur edildik"... (Yevgenika- tarixən Əflatuna qədər getsə də, müasir dövr üçün Ser Frensis Qalton (Sir Francis Galton) tərəfindən ortaya atılmışdır. Eugenics- latınca "yaxşı növ" mənasını verən qədim yunan sözüdür. Burada məqsəd Allahın yaratdığı bioloji qanunları əslindən uzaqlaşdıraraq, müəyyən məqsədlər naminə, məsələn, insanın guya genetik təkamülünə gətirib çıxaran "elmi" cəhdlərdir. Misal olaraq, Darvinin dostu alman Ernst Hekkelin (Earnst Haeckel) ideyalarına əsaslanan Adolf Hitler yevgenika fikirləri ilə ruhi xəstələri, qüsurlu doğulanları, şikəst və s. xəstələri xüsusi Sterilizasiya Mərkəzlərinə yığaraq kütləvi şəkildə məhv edirdi. Bununla, insanın təkamülünə inanırdı. Mussolini də məhz yevgenika düşüncəsi ilə Efiopiyada bir gündə 20 minə yaxın zənci qətl etmişdi...)
Maariflənmiş kütlələr vasitəsilə yeni insan növü yaratma fikri XIX əsr rus ziyalılarının xilasedici missiyası olmuşdur. Marksist fəlsəfə də eyni şəkildə insan təbiətinin tarixi inkişafın nəticəsi olduğunu və bu səbəblə də yenilənə biləcəyini öyrədir. Leninin gənclik çağlarında rus ziyalıları arasında demək olar ki, müqəddəs sayılan Darvin və Tomas Haksli (Thomas Huxley) elmi materializmi insanın içində yaşadığı dünyaya görə təyin olunduğuna inanırdı. Bu səbəblə, bolşevikler öz inqilablarının yeni insan növü yaradacağına inanırdılar...
Baxmayaraq ki, Pavlov həmişə inqilabı tənqid edir və sürgünlə təhdid edilirdi, bununla belə bolşevikler həmişə ona hörmət edirdilər. İki il sonra Pavlova Moskvada böyük mənzil verildi. Lenin Pavlovun işləri haqqında "inqilab üçün çox böyük əhəmiyyətə sahibdir" deyirdi. Buxarin bunu materializmin “dəmir silah anbarı” adlandırırdı. (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, s. 733 )
Leninin ən böyük köməkçisi və kommunist ideologiyanın əhəmiyyətli nəzəriyyəçisi Trotski də Leninin darvinist mənşəli "insan təbiətini dəyişdirmə" düşüncələri ilə razılaşırdı. Trotski belə yazmışdı:
İnsan nədir? Hələ yetişmiş canlı deyil. Hələ bacarıqsız varlıqdır. Bir heyvan olaraq insan planlı şəkildə deyil, plansız şəkildə təkamül keçirmişdir, onda bir çox ziddiyyətlər vardır. Necə öyrətmək və idarə etmək, insanın fiziki və ruhi quruluşunun necə inkişaf etdiyini və tamamlandığını yalnız sosializm əsasında öyrənmək mümkündür. Çölü qatar yolu inşa edə bilərik, Eyfel Qülləsini tikib birbaşa New York ilə danışa bilərik, bəs insanı inkişaf etdirə bilmərik? Xeyr, edə bilərik! İnsanın yeni və dəyişmiş versiyasını çıxarmaq - bu, kommunizmin sonrakı vəzifəsidir... İnsan özünü xammal, ya da yarımfabrikat olaraq görməli və belə deməlidir: "Sevimli homosapiens, sənin üçün çalışacağam.(Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, s. 734 )
Lenin, Trotski və bolşevikler insanı heyvan növü olaraq gördükləri və maddə yığını saydıqları üçün insan həyatına dəyər vermirdilər. Onlara görə inqilabın müvəffəqiyyəti üçün milyonlarla insanı rahatlıqla fəda etmək olar. The Unknown Lenin kitabının müəllifi, tarixçi Riçard Paypsa görə "Lenin insanlığa alçaltmadan başqa bir hiss bəsləmirdi: Lenin üçün insanların demək olar ki, heç bir mənasının olmadığını və onun fəhlə sinfinə dəmirçinin müəyyən detala davrandığı kimi davrandığı iddiasını məktubları təsdiqləyir". (Richard Pipes, The Unknown Lenin: From the Secret Archive, s. 10 )
2009-11-19 04:02:49