Darvinizmin azğın iddiasına görə insan bir heyvan növüdür. Bu ağılsız və elmdən uzaq iddiaya aldananlar isə insanın bütün xüsusiyyətlərinin "heyvan əcdadlarından" miras qaldığını düşünürlər. Bu isə insanın özünə və digər insanların dünyagörüşünə çox pis təsir edir. İnsan heyvan növü kimi gördüyü digər insanlara dəyər verməz, düşüncələrinə əhəmiyyət verməz, həyatlarını dəyərsiz hesab edər. Bir insanın ölümünü bir ağcaqanadın və ya itin ölümündən fərqləndirməz.Bir insanın ac və ya möhtac vəziyyətdə olması, onu heyvan kimi görən insanı narahat etməz. Belə qorxunc bir dünyagörüşü insanların bir-birlərinə olan sevgi və hörmətlərini də tamamilə ortadan qaldırar. Məhz bu səbəbdən Darvinizmin xətalarına aldananlar bir daha bu yalanın nələrə səbəb olacağını düşünməlidirlər.
Darvin məktublarından birində bu dünyagörüşünü ifadə etmiş və insanın heyvanlardan təkamül keçirməsi yalanına əsaslanaraq fikirlərinin hər hansı bir dəyəri olub-olmayacağını təhlil etmişdir. Darvinin sözləri belədir:
İbtidai heyvanlardan təkamüllə əmələ gələn insan zehninin inandığı şeylərin hər hansı bir dəyəri ya da etibarlılığı olub-olmaması haqqında qorxunc şübhəyə düşürəm. Bir meymunun zehnindəki inanclara (əgər varsa) kimsə güvənərdimi? (Francis Darvin (ed.), Life and Letters of Charles Darwin (1903; 1971 reprint), volume 1, s. 285)
Darvinin sözləri təkamülçülərin insana dair dünyagörüşlərinin nə qədər dəhşətli olduğunun bir xülasəsi xüsusiyyətini daşıyır. Darvinizm insanların heyvanlardan fərqlənmədiyini irəli sürdükdə, bunu yalnız fiziki və bioloji baxımdan iddia etmir, insan və heyvan davranışlarının da bir-birindən fərqlənmədiyini qəbul etdirməyə çalışır. Bu vəziyyətdə insana heyvan əcdadlarından miras qaldığı iddia edilən zorakılıq, təcavüzkarlıq, eqoizm, mərhəmətsiz rəqabət, təcavüz, homoseksuallıq kimi pis xüsusiyyət və davranışlar insan üçün sanki "təbii davranışlar" kimi qiymətləndirilir. Məsələn, təkamülçü elm adamı J. P. Darlington belə deyir:
Birinci cəhət: eqoizm və zorakılıq anadangəlmədir, ən uzaq atalarımızdan bizə miras qalmışdır. Deməli, zorakılıq insanlar üçün təbii haldır, təkamülün bir məhsuludur. (P. J. Darlington, Evolution for Naturalists, 1980, s. 243-244)
Bu təqdirdə insanların hər cür günah etməsi normal qarşılanır, cinayət törətmək üzrlü hesab edilir, hətta çox vaxt cəzalandırılmaması iddia edilir. Halbuki bu, həqiqətə uyğun olmayan iddiadır. Allah (c.c.) hər insanı daim pisliyi əmr edən nəfsi və o pislikdən çəkinməsini, yaxşılıq etməsini əmr edən vicdanı ilə birlikdə yaratmışdır. Ayələrdə belə buyurulmuşdur:
And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)
Bu səbəbdən hər insan etdiyi hərəkətin yaxşı və ya pis, davranışının gözəl və ya çirkin olduğunun şüurundadır. Hər insan pis hərəkətdən çəkinməklə, yaxşı olanı etməklə məsuldur. Yaxşılıq edən insanlar gözəl rəftarlarının əvəzini ən gözəl şəkildə alacaqları kimi, pislik edənlər də etdikləri pisliyin cəzasını mütləq çəkəcəklər. Hər cür günahı və əxlaqsızlığı qanuni göstərən təkamül nəzəriyyəsi isə insanları həm dünyada, həm də axirətdə böyük bir fəlakətə sürükləyir.
İnsan heyvan deyil. İnsan Allahın ona ruhundan üfürdüyü, ağıla, iradəyə, vicdana, məntiqə, doğrunu yanlışdan ayırma bacarığına sahib olan, düşünən, qərar verən, mühakimə edən, cəzalandıran və mükafatlandıran, yaşadıqlarından dərs alan Allahın sınadığı bir varlıqdır. Bu xüsusiyyətlərin heç biri digər canlılarda yoxdur və ola da bilməz. Çünki bunlar insanın fiziki quruluşu, genləri ilə əlaqədar xüsusiyyətləri deyil. Bütün bunlar insanın ruhuna aid xüsusiyyətlərdir.
Elə isə ruh və ağıl sahibi olan insan bu həqiqəti hiss etməli, şərəfli, iradəli və vicdanına uyğun həyat tərzi keçirməlidir.