Ədalətin olmadığı cəmiyyətlərdə qadın-kişi ayrıseçkiliyi diqqət cəlb edir. Dünyadakı qadın-kişi bərabərsizliyi çox mühüm bir problemi yaradır. Belə ki, qadınlar dünyadakı əksər ölkələrdə əsasən ikinci dərəcəli vətəndaş münasibəti ilə qarşılaşaraq cəmiyyətdə əzab görürlər. Gücsüz və qorunmağa möhtac olduqları halda əzilir və xor görülürlər. Bu kimi səbəblərə görə qadınların fikirlərinə də dəyər verilmir.
Bu düşüncələrin hakim olduğu cəmiyyətlərdə, qadınların iş yerlərində müəyyən bir mövqeyə sahib olmaları, hətta müəyyən bir kariyeraya sahib olaraq savadlarını, bacarıqlarını sübut etmələri də yadırğanıb. Bütün dünyada qadınlar üçün etibarsız, bacarıqsız, ürkək, zehni yaxşı inkişaf etməmiş bir insan imici yayılıb. Bu tamamilə yanlış "qadın xarakteri" anlayışı nəticəsində qadının etdiyi hər səhv o adamın insan olduğu üçün deyil, qadın olduğu üçün etdiyi səhv kimi şərh olunur.
Belə cəmiyyətlərdə bir iş yeri üçün eyni təhsilə, eyni zəka və bacarığa sahib olmasına baxmayaraq, kişilər və qadınlar arasında seçim lazım olduqda, üstünlük mütləq kişi işçiyə verilir. Buna görə qadınların vəzifə ala bildikləri sahələr olduqca məhduddur.
Cəmiyyətdəki bu səhv fikrilər ucbatından qadınların da çoxu bu düşüncəni qəbul ediblər. Bunun nəticəsində bir çox cəmiyyətdə qadınlar arxa planda qalmaqda bir problem də görmürlər.
Geridə qalmış ölkələrin çoxunda isə qadın-kişi bərabərsizliyi daha ciddi miqyasda ortaya çıxır. Bu ölkələrdə qadınlara təhsil, seçim etmə, iş sahibi olma kimi konstitusional haqqlar da verilmir. Hətta evlənərkən həyat yoldaşlarını seçmə haqqına da sahib deyillər. Bir mövzu haqqında fikir bəyan etmələrindən isə heç söz belə gedə bilməz. Qadınlar özləri ilə əlaqədar heç bir qərarı verə bilməzlər. Onların yerinə hər qərar ataları və ya həyat yoldaşları tərəfindən verilir.
Yalnız bir neçəsini sadaladığımız bu səhv yanaşmalara illərdir müxtəlif həll yolları tapmağa çalışırlar. Qadınların haqqlarını qorumaq üçün qurulmuş QHT-lər, azadlıq, bərabərlik, feminizm kimi anlayışların müzakirə edilməsi, müxtəlif layihələrin hazırlanması, konfranslar təşkil edilməsi bu həll yollarından yalnız bir neçəsidir. Bütün bu səylərə və işlərə baxmayaraq, ortaya qoyulan həll yollarının da əslində yalnışlarla dolu olduğu aydın olur. Bu nəticə son dərəcə təbiidir. Çünki əsl qurtuluş başqa bütün problemlərin həllində də olduğu kimi, Qurandadır.
Quran əxlaqının yaşandığı bir cəmiyyətdə, cəmiyyəti təşkil edən fərdlər arasında qətiyyən ayrı-seçkilik yoxdur. Bir insanın qadın-kişi, varlı-kasıb, yaşlı-gənc və ya uşaq olmasının heç bir əhəmiyyəti yoxdur.
Əhəmiyyətli olan bu insanların cinsiyyəti, mövqeləri, sərvətləri və ya hər hansı başqa bir xüsusiyyətləri deyil, etdikləri yaxşı işlər və Allaha olan yaxınlıqları, yəni təqvalarıdır. Allah bir ayədə müsəlmanlara"Tədarük görün, şübhəsiz azuqənin ən xeyirlisi təqvadır." (Bəqərə surəsi, 197) sözləri ilə bu mövzunu xatırlatmışdır. Həmçinin Quranda möminlərdən, saleh əməllərdə olan qadınlar və kişilər olaraq bəhs edilir. Quranda möminlərin kişi və ya qadın olmalarının deyil, Allahın əmr etdiyi əxlaqa sahib olmalarının əhəmiyyətinə diqqət çəkilir. Bu mövzudakı ayələrdən bəziləri belədir:
Mö’min kişilərlə mö’min qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! Allah mö’min kişilərə və qadınlara altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur ! (Tövbə surəsi, 71-72)
Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır! (Əhzab surəsi, 35)
Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz! (Nisa surəsi, 124)
Qadınların Cəmiyyətdə Qarşılaşdığı Çətinliklər
Dindən uzaq cəmiyyətlərdə qadınların qarşılaşdıqları ən böyük problemlərdən biri də boşandıqdan sonra yaşanan çətinliklərdir. Evləndikdən sonra həyat yoldaşları işləməyə icazə vermirsə və bunun ucbatından maddi cəhətdən həyat yoldaşlarindan asılı yaşamaq məcburiyyətində qalan qadınlar boşandıqda son dərəcə çətin vəziyyətdə qalırlar.
Boşanan qadınların bəzilərinin hər hansı bir peşəyə sahib olmaması, bəzisinin isə yaşının çox olması səbəbindən iş qabiliyyətinin olmaması, bəzisi isə heç bir əlavə ictimai haqqı olmadığı üçün böyük çətinliklər çəkirlər. Bundan başqa boşandıqdan sonra hər iki tərəfin özünə görə tələblərinin olması, tərəflərin yalnız öz mənfəətlərini düşünməsi bu problemləri daha da çətinləşdir və anlaşılmaz edir.
Halbuki Quran əxlaqını yaşayan cəmiyyətdə bu kimi çətinliklər yaşanmır. İnsanların evlilikləri kimi boşanmaları da könül razılığı ilə olacağı üçün evlənərkən həyat yoldaşları ilə aralarında olan hörmət və sevgi boşanarkən də eyni şəkildə qorunur. Çünki iki tərəf də bir-birini qadın və ya kişi olaraq deyil, Allaha iman edən insanlar olaraq, təqvalarına görə qiymətləndirir və bu baxımdan gözəl davranırlar.
Bununla belə, Quranda qadınların boşanma kimi vəziyyətlərdə çətinliyə düşməmələri üçün bir çox tədbir vardır. Məsələn, qadınlara maddi baxımdan zəmanət verilmişdir. Hər iki tərəfin qarşılıqlı razılaşması nəticəsində təyin olunan maddi kömək və boşanan qadınlara necə davranılacağı ayələrdə belə təsvir edilmişdir:
Boşanan qadınları qəbul olunmuş tərzdə faydalandırmaq müttəqilərin vəzifəsidir. (Bəqərə surəsi, 241)
…Qəbul olunmuş qayda üzrə, varlı öz imkanı daxilində, kasıb da gücü çatdığı qədər, yaxşılıq (ehsan) edənlərə layiq şəkildə onlara bir şey versin! Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir. (Bəqərə surəsi, 236-237)
Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər. (Talaq surəsi, 7)
Bundan başqa, qadınlarla evlilik əsnasında verilən malların boşandıqdan sonra geri alınmaması ayələrdə qeyd edilmişdir. Boşanan qadınların ehtiyaclarının təmin edilməsi, qadınlara zorla varis olunmağa cəhd edilməməsi də ayələrdə diqqət çəkilən mövzulardandır.
Bura qədər izah edilənlərdən göründüyü kimi, həll yolu yenə Quran əxlaqının yayılmasındadır. Quran əxlaqının yaşandığı cəmiyyətdə bütün ictimai problemlərdə olduğu kimi, burada da qadınların çətin vəziyyətdə qalmaları, xor görülmələri, çətinlik çəkmələri kimi vəziyyətlər gündəm mövzusu olmayacaq.
2010-08-08 16:13:37