Səmimiyyət insanın daxiliylə xaricinin eyni olması, ürəyində hiss etdiklərini qarşısındakı insana da olduğu kimi əks etdirməsi, mümkün olduğu qədər dürüst, açıq və dəqiq olmasıdır. Səmimi düşüncələrini və həqiqi şəxsiyyətini heç gizlətmədən, özünü olduğundan fərqli göstərməyə cəhd etmədən açıqca ortaya qoymasıdır. Səmimiyyətin əhəmiyyətli bir xüsusiyyəti isə, ürəkdə yaşanmadığı təqdirdə xaricə qarşı heç cür təqlid edilməsinin mümkün olmamasıdır. Səmimi insanın bütün rəftarları təbii və içindən gəldiyi kimidir və bu təbiilik də insanlar üzərində çox dərin və müsbət təsir oyadır. Səmimi insanın baxışları, danışışığı, üslubu, mimikaları çox təbii və təsiredicidir.
Ancaq bir çox insan səmimiyyətin bu gücündən və təsirindən xəbərsizdir. Buna görə də, ancaq səmimiyyətlə qazanılması mümkün olan bu xüsusiyyətləri çox fərqli münasibətlərdə axtarırlar. Bəzi insanlar qarşılarındakı insanlara təsir etmək üçün süniliyə müraciət edirlər. O adamın ən çox hansı münasibətlərdən, hansı düşüncələrdən təsirlənəcəyini düşünürlərsə, içlərindən gəlmədiyi, ya da o cür düşünmədikləri halda, qarşı tərəfi məmnun edə bilmək üçün o şəkildə görünməyə çalışırlar. Ətraflarındakı insanların bir-birlərindən çox fərqli xarakter xüsusiyyətlərinə sahib olduqlarına görə, hər birinin yanında fərqli şəxsiyyətə bürünməyə, fərqli münasibətlər göstərməyə, fərqli düşüncələri müdafiə edirmiş kimi görünməyə çalışırlar. Halbuki bu çox səmimiyyətsiz rəftardır və insanı ikiüzlü olmağa yönəldir. Nəticədə bütün bu saxta davranışlar və düşüncələr, adamın gerçək xarakterini əks etdirmədiyi üçün qarşı tərəf üzərində gözlənilən təsiri vermir. Hətta tam əksinə antipatiya, soyuqluq və uzaqlıq yaradır. Bu adamın gerçək şəxsiyyətini gizlədiyini və hər rəftarının süni olduğunu bilmək, qarşısındakı adam üzərində bir narahatlıq yaratmasına səbəb olur.
Allah Quranda özlərini insanların razılığını və məmnuniyyətini qazanmağa həsr etmiş bu insanların vəziyyətini bu cür açıqlamışdır:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər Surəsi, 29)
Allahın Quranda bildirdiyi gerçəklərdən uzaq yaşayan cahiliyyə insanları, səmimiyyətsizliyin Allah Qatındakı və insanlar üzərindəki qarşılığını lazımi qədər düşünmədikləri üçün süni münasibətlər göstərməkdə problem görmürlər. Sünilik, xüsusilə də cahiliyyə cəmiyyətlərindəki qadın xarakterində görünə bilər. Bəzi qadınlar arxalarından danışdıqları, əslində heç bəyənmədikləri, hörmət etmədikləri insanların üzlərinə qarşı ortaq mənfəətlərinə görə, səmimiyyətsiz bir sevgi və maraq göstərə bilirlər. Çəkinmədən bir-birlərinə yalan danışıb aldada bilir, bir insan haqqındakı mənfi qənaətlərini gizləyib, soruşulduğunda tam əks məlumat verə bilirlər. Eyni şəkildə çox sevdikləri, dəyər verdikləri insanlara qarşı müxtəlif səbəblərlə bu duyğularını gizləyib tam əks bir təəssürat da verməyə çalışırlar.
Müsəlman bir qadın isə ürəyindəki Allah qorxusuna görə bu cür rəftarlardan qətiyyətlə uzaq dayanar. Heç vaxt kiçik mənfəətlər uğrunda insanların məmnuniyyətini qazanmağa çalışmaz. Bütün bunların insanı həm Allah Qatında, həm də insanların gözündə hörmətdən salacaq sadə rəftarlar olduğunu bilər və heç vaxt bu cür əməllərə tənəzzül etməz. Məqsədi həyatının hər anında Allahın razılığını qazana biləcəyi davranışlar göstərməkdir. Allahın bəyəndiyi əxlaqın isə ancaq səmimiyyət ilə yaşana biləcəyini bilir. Allahın
“... O, kökslərdə olanları Biləndir.” (Şura Surəsi, 24)
ayəsiylə bildirdiyi kimi insanların ürəklərində gizlədiklərini bildiyinin şüurundadır. Allah bu gerçəyi bir başqa ayədə
“Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.” (Taha Surəsi, 7)
şəklində bildirmişdir. Buna görə də ürəyində olanı ətrafındakı insanlardan gizləməsinin insana heç bir faydası olmaz. Onsuz da Allah bunu bilir. İnsanın bu gerçəyə baxmayaraq, insanları aldatmağa çalışması böyük bir səmimiyyətsizlik olar.
Bununla bərabər, Müsəlman qadın, insanların razılığını qazanmağın adama nə dünyada, nə də axirətdə bir fayda verməyəcəyini də bilir. Allah Quranda Özünə şirk qoşulmasını bağışlamayacağını bildirmişdir. Bu səbəblə iman sahibləri şirkdən və insanların razılığını qazanmağa aid bütün rəftarlardan qətiyyətlə çəkinirlər. Bu da onların səmimiyyətdə ömür boyu daimi olmalarını təmin edir.
2010-08-08 16:48:56