|
ALLAH SEVGİSİ
İnsan ona kiçik bir qulluq göstərən və ya yaxşılıq edən insana bu gözəl davranışından duyduğu məmnuniyyəti dərhal göstərmək istəyir. Məsələn, onu evində saxlayan, qulluq göstərən şəxsə minnətdarlıq edir, xüsusilə də ev sahibi diqqətli insandırsa və heç bir söz soruşmadan qonağın hər ehtiyacını tamamilə ödəyirsə... Ciddi xəstəliyi olan insan da həkimin müalicəsi ilə şəfa tapanda ona necə təşəkkür edəcəyini bilmir. Bir insan yolu keçərkən onu maşın vurmasından xilas edən insana həyatını borclu olduğunu söyləyərək, həmin adamı mükafatlandırmaq istəyir və ona olan minətdarlığını göstərmək üçün əlindən gələn hər şeyi edir. Hər insan ona sürprizlər edən, gözəlliklər bəxş edən, yaxşılıqlar edən şəxsləri çox sevir, onlara qarşı hörmət və qayğı göstərməklə səhv etməməyə çalışır.
Ancaq bəzi insanların unutduğu çox mühüm həqiqət var: Bir insanı sevindirən, onun qayğısına qalan, ona gözəl ruzilər, nemətlər bəxş edən, xoşuna gələn mənzərəni yaradan, hər səhər oyananda ona həyatını yenidən bəxş edən, onu təhlükələrdən qoruyan, xəstələnəndə ona şəfa verən, dərmanlar vasitəsilə ağrısını kəsən və ya kədərini unutduran, bütün canlı və cansız varlıqların sahibi Allahdır. Odur ki, insan sahib olduğu nemətlər və qarşılaşdığı gözəlliklərə görə sevgisini, hörmətini, minnətdarlıq duyğusunu, vəfasını və şükrünü Allaha yönəltməlidir. Bir insana köməyə görə təşəkkür edərkən, onu bu yardıma ilhamlandıraraq rəhmətini çatdıranın Rəbbimiz olduğu qətiyyən unudulmamalıdır. Allah bir ayədə belə bildirmişdir:
«Həqiqətən, göylərin və yerin hökmü Allaha məxsusdur. Dirildən də, öldürən də Odur. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur!» («Tövbə» surəsi, 116).
Quranda Hz. İbrahimin Allaha olan duasında Rəbbimizin insanlar üzərindəki bu rəhmətini belə ifadə etdiyi bildirilir:
«Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!» («Şuəra» surəsi, 78-82).
İnsana Sahib Olduğu Bütün Gözəllikləri Bəxş Edən Allahdır
Allah hər insana yoxdan bir can vermiş və dünyanı onun üçün ən gözəl və ən uyğun şəkildə yaratmışdır. Məsələn, dünyanın hər yerində insanlar rahatlıqla nəfəs alıb-verə bilirlər. Allah, rəhməti ilə atmosferdəki qazların nisbətini insanlar üçün ən uyğun nisbətdə təsbit etmiş və yaratmışdır. Bir çox insan havasız otaqda nə qədər çətin nəfəs alıb-verildiyini bilir. Havasızlıq artdıqca insanın keçirdiyi sıxıntı hissi də artır. Biz güclə nəfəs alıb-verə biləcək dünyada da yaşaya bilərdik. Ancaq tənəffüs etdiyimiz hava Allahın rəhməti və diləyi sayəsində heç vaxt bizə sıxıntı vermir, əksinə, bizi rahatlaşdırır, xoşumuza gəlir.
Allah, yer üzünün hər yerində növbənöv meyvələr, tərəvəzlər və bitkilər yaratmışdır. Əgər Allah istəsəydi, dünyada bir növ qida olardı və bu qidanın dadı da bizə heç ləzzət verməyə bilərdi. Biz sadəcə olaraq yaşamaq üçün bu qidanı yemək məcburiyyətində qala bilərdik. Bu qidadan başqa da torpaqdan bir şey istehsal etmə imkanımız olmazdı. Ancaq Allah, sonsuz mərhəməti və şəfqəti ilə, insanlar üçün növbənöv meyvə və tərəvəzlər yaratmışdır.
Üstəlik bunların hər birinin dadı bir-birindən fərqli və gözəldir. İnsan yaşamaq üçün yemək yemək məcburiyyətindədir, amma Allahın rəhməti sayəsində, bir yandan da bütün bunların ləzzətindən böyük zövq alır.
Allahın yaratdığı heyvanlar da insanlar üçün müxtəlif gözəlliklərlə yaradılmışdır. Məsələn, at, dəvə, it kimi itaətkar heyvanlar insanlara yardım edirlərsə, quş, pişik kimi ev heyvanları da özlərini sevdirən xoş xüsusiyyətlərə malikdirlər.
Tənəffüs etdiyimiz havadan yer üzünə enən yağışa, torpaqda yetişən məhsullardan yeraltı sərvətlərə, xoşumuza gələn heyvanlardan əsas həyat qaynağı olan suya qədər təbiətdəki hər şey ən kiçik səy belə göstərilməsinə ehtiyac duyulmadan bizə çatır. İnsanın yaşaması və ömrünü davam etdirə bilməsi üçün kainatda son dərəcə təfərrüatlı proseslər baş verir, son dərəcə həssas nisbətlər anbəan qorunur.
İnsandan başqa bütün canlılar sahib olduqları xüsusiyyətlərin fərqinə vara bilmirlər. Bir dovşan nə qədər sevimli olduğunun fərqində olmadan yaşayır. Kəpənək qanadlarındakı simmetriyanın, naxışların və harmoniyanın şüurunda deyil. Sahib olduğu rənglər, naxışlar və simmetriya tovuz quşunu olduqca cazibədar edir. Amma o nə üçün var olduğunu belə bilməyən və gözəllikləri dərketmə qabiliyyəti olmayan canlıdır. Quyruğundakı rənglər və naxışlarla dünyanın ən gözəl mənzərələrindən birini nümayiş etdirən bu varlıq insanların Allaha şükr etmələri və Allahın yaradıcı gücünü görə bilmələri üçün yaradılmış nemətlərdən yalnız biridir.
Allah bütün bu canlılardakı gözəl görünüşləri insanlara nemət olaraq verir. Bu səbəblə insanın canlılardakı estetikanı, simmetriyanı və rəngləri görüb Allahın gücünü lazımınca qiymətləndirə bilməsi və bütün bu gözəlliklərin yaradıcısı olan Rəbbimizə ən gözəl şəkildə şükr etməsi vacibdir.
Allahın yer üzündə yaratdığı gözəlliklər o qədər çoxdur ki, saymaqla bitməz. Məsələn, qızılgülün görünüşündə qüsursuz estetika var. Yarpaqları son dərəcə səliqəli və simmetrik düzülüşə malikdir. Yarpaqların üstü isə çox keyfiyyətli parça olan məxmər yumşaqlığındadır. Təbiətin ən gözəl və ən canlı rənglərindən meydana gəlmişdir. Palçıqlı və qapqara torpaqda bitməsinə baxmayaraq rənqlərində bulanıqlığa, ya da kirə rast gəlinməz. Ətri isə dünyanın ən inkişaf etmiş texnologiyaları istifadə edilsə belə bənzəri əldə edilə bilməyəcək xüsusiyyətlərə malikdir. Ən keyfiyyətli ətrin belə müəyyən müddətdən sonra qoxusu ağırlaşdığı halda, qızılgül daima təzə qalan, insana zövq verən möhtəşəm ətir verir. Ancaq gül də bu xüsusiyyətlərinin heç birinin fərqində deyildir. Bütün bu xüsusiyyətləri ilə gül insan üçün böyük nemət olaraq yaradılmışdır.
Yer üzündəki hər gözəllik həm Rəbbimizin neməti, həm də Onun sonsuz gözəlliyinin bir bənzəridir. Buna görə vicdan sahibi olan və düşünən hər insan bütün bu gözəlliklərin əsl sahibi olan Allaha böyük sevgi ilə bağlanır. Allah bütün yaratdıqlarında insanlar üçün düşünüb öyüd alacaq dəlillər olduğunu bildirir:
«Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır!» («Nəhl» surəsi, 13).
Bura qədər saydıqlarımız insanlara verilmiş nemətlərin çox az bir qismidir. Bunlarla bərabər, həyatımızın davam etməsi üçün saysız amillərin bir yerdə olması lazımdır. Əslində yuxarıda verilən nümunələrdən birini belə düşünmək Allahın insanlara olan mərhəmətini anlamağımız üçün kifayətdir. Allahın lütfü ilə ağla, mühakimə etmə qabiliyyətinə malik olan insanın bu qabiliyyətlərini Allahı tanımaq və bilavasitə onu çox sevmək üçün istifadə etməsi lazım gəlir. Çünki vicdanını dinləyərək ətrafında olan mükəmməl nizamı dərk edə bilən insanlar üçün bütün kainat Allaha olan sevgilərini artıran səbəblərlə doludur. Bunları hərtərəfli düşünən bir insan təbii olaraq Allahı lazımınca dəyərləndirib sevə bilər.
Həmçinin, Allah Quranın bir çox ayəsində, insanlara onlara verdiyi nemətlər haqqında düşünmələrini bildirmiş və nemətlərdən bəzilərini insanlara xatırlatmışdır. Bu ayələrdən bəzilərində belə buyurulur:
«Allah insanı nütfədən xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi. Davarı da O yaratdı. Bunlarda sizin üçün istilik, cürbəcür mənfəət vardır, həm də onlardan yeyirsiniz. Onları səhər naxıra, axşam axura gətirdikdə baxıb zövq alırsınız. Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyarlar. Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı, hələ sizin bilmədiyiniz neçə-neçə şeylər də yaradacaqdır. Doğru yolu göstərmək Allaha aiddir. Ondan kəc olan yol da vardır. Əgər istəsəydi, sizin hamınızı doğru yola salardı. Göydən sizin üçün yağmur endirən Odur. Ondan siz də, içində otardığınız ağaclar da içər. Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! Allah yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Allahın nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükr edəsiniz! Sizi yırğalatmasın deyə, yer üzündə möhkəm dayanan dağlar və gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı» («Nəhl» surəsi, 4-15).
Cuxarıdakı ayədə sayılan nemətlər Rəbbimizin insanlara dünya həyatında verdiklərinin sadəcə olaraq çox az bir qismidir. Allah bu ayələrin davamı olaraq, «Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Allah bağışlayan və rəhm edəndir» («Nəhl» surəsi, 18) şəklində buyurur. İnsanın yalnız burada sayılan nemətlər haqqında düşünməsi belə Allahın insanlar üzərindəki sonsuz ehsanını, şəfqət və mərhəmətini anlaması üçün kifayətdir. Bizə can verən, yaşamağımızı təmin edən, bizi sevindirən, xoşumuza gələn hər varlığı və hadisəni yaradan Allahdır. Buna görə də insan hər an Allaha yönəlməli, sahib olduğu hər şey üçün Rəbbimizə şükr etməli, Ona güclü bir sevgi ilə bağlanmalıdır.
İnsanı yoxdan var edən və ona can verən Allahdır
İnsan necə yoxdan var olduğunu, necə can sahibi olduğunu və ana bətninə düşməsindən bugününə qədər necə qayğı ilə qorunduğunu düşünəndə, Allahın onun üzərindəki rəhmətini, sonsuz mərhəmət və şəfqətini görər. Allah «Məryəm» surəsində insanları yaradılışları üzərində düşünməyə çağırır:
«Məgər insan ilk öncə onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?» («Məryəm» surəsi, 67).
Allah hər insanı ana bətnində son dərəcə təhlükəsiz, şikəst qalmayacağı, ağrı hiss etməyəcəyi bir yerə, ona heç bir zərər gəlməyəcək şəkildə yerləşdirir.
Dünyaya gələn hər bir körpə üçün lazım olan hər şey milyardlarla il öncədən hazırlanmışdır. Tənəffüs edəcəyi havadan lazımlı qidaları alacağı ana südünə qədər hər şey hazır şəkildə onu gözləyir.
Hər insanın bədəni ölənə qədər Allahın yaratdığı qüsursuz sistem sayəsində qorunur. Məsələn, ürək insanın həyatı boyu dayanmadan döyünür, ancaq insan bunu təmin etmək üçün heç bir şey etmək məcburiyyətində deyildir. İnsana yalnız ürəyinin hər saniyə döyünməsi üçün lazım olan əmri vermək vəzifəsi tapşırılsaydı belə, həyatı çox çətinləşərdi; yata bilməz, yemək yeyə bilməz, haradasa bundan başqa heç bir iş görə bilməyəcək hala düşərdi. Lakin Allah həyatının ilk günündən etibarən hər insanın ürəyinə ölənə qədər işləməsi əmrini verir. Beləcə, ürək insanın ömrü boyu, bir an belə dayanmadan, Allahın nəzarətində işləməyə davam edir.
İnsanın özünə məxsus olduğunu iddia etdiyi bədəni üzərində heç bir hakimiyyəti yoxdur. İnsanın bütün hüceyrələrinə qədər hakim olan yalnız Uca Rəbbimizdir. Böyük bir sürətlə axan qanı, ürəyin tutduğu qan miqdarını, qanın laxtalanma müddətini, tənəffüs, həzm, müdafiə, sinir sistemini və burada saymadığımız bir çox sistemi insan özbaşına nəzarət və idarə edə bilməz.
İnsan hər şeyə görə Allaha möhtacdır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
«Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, şükrə layiqdir!» («Fatir» surəsi, 15).
Səhərlər yuxudan oyanarkən, vücudumuzda yaşamağımız üçün lazım olan hər bir hissənin qüsursuz olaraq işlədiyinə şahid oluruq. Rahatlıqla nəfəs ala bilir, gözlərimizi açanda heç bir əziyyət çəkmədən və vaxt keçməsini gözləmədən rəngarəng bir dünya görürük.
Səsləri hər zaman eyni dəqiqliklə eşidə bilir, rahatlıqla qoxu hiss edə bilir, yemək yeyə bilirik. Cediyimiz yeməklərdəki vitaminlərin vücudumuzda haraya gedəcəyi, saysız mikrob və virusla bədənin necə mübarizə aparması, bir əşyanı görmək üçün beynimizdə görüntünün necə əmələ gəlməsi kimi incəliklər üzərində əsla düşünmək məcburiyyətində qalmırıq.
Heç çətinlik çəkmədən bir gün, bir il, hətta illərlə öncə nələr etdiyimizi xatırlaya bilər, bütün bunları yaddaşımızda saxlaya bilərik. Ən mühüm olanı isə bu qədər həssaz tarazlıqlar üzərində işləyən bir bədənə sahib olmağımıza baxmayaraq, sağlam və gümrah oluruq. Çünki insan hər an Allahın nəzarətində olan dar bir sistemdən asılıdır. Bax, buna görə də, insan Rəbbimizin ona bağışladığı bu qüsursuz sistemlər və verdiyi nemətlər haqqında düşünməlidir. Allah Quranda insanın bu üstün yaradılışını bizə belə xatırladır:
«Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan nədir? O Rəbbin ki, səni yaratdı, düzəldib qaydaya saldı. Sənə Özü istədiyi surətdə biçim verdi» («İnfitar» surəsi, 6-8).
Göründüyü kimi, insan təkcə öz bədəninə baxaraq belə Allaha dərin və güclü bir sevgi ilə bağlanmaq üçün çox sayda dəlil tapa bilər. Üstəlik yalnız insan bədənində deyil, kainatdakı hər varlıqda insanlara verilmiş bənzərsiz nemətlər vardır. Bütün bunlar tək və həqiqi dostumuz olan Allahın bizim üçün yaratdığı və qoruduğu qeyri-adi nemətlərdir.
Bu incəlikləri düşünən insan onu yaradan, həyat verən və yaşadan Allaha hər an möhtac olduğunu, Allah istəməsə nəfəs belə ala bilməyəcəyini görər; Allahın onun ən yaxın dostu və himayəçisi olduğunu anlayar. Allah bu həqiqəti «Ənkəbut» surəsində belə bildirir:
«Siz nə yerdə, nə də göydə Allahı aciz buraxa bilməzsiniz! Allahdan başqa sizin nə bir haminiz, nə də bir mədədkarınız var!»« («Ənkəbut» surəsi, 22).
Allah Hər Şeyi Ən Gözəl Şəkildə Yaradır
Sonsuz ədalət və mərhəmət sahibi olan Rəbbimizin yaratdığı hər hadisə, verdiyi hər hökm insanlar üçün ən xeyirli və ən gözəl olandır. Xoşagəlməz görünən hadisələrdə belə Allahın yaratdığı bir çox xeyir, gözəllik və hikmət vardır. Allah bu həqiqəti bir ayəsində belə bildirir:
«...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz» («Bəqərə» surəsi, 216).
«Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor» («İnsan» surəsi, 3).
Bu həqiqəti bilərək yaşayan möminlər qarşılaşdıqları hər hadisədən, eşitdikləri hər danışıqdan razı olar, hər an Allaha yönələrək, yaratdıqları üçün Ona şükr edər, Allahın onlar üçün ən xeyirlisini və ən gözəlini yaratdığını bilərək Allahı sevgi və təriflə zikr edərlər.
Allah İnsanlara Çətinlik Verməz, Onlardan Asan Olanı İstəyər
Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz, göndərdiyi kitablar və peyğəmbərlər vasitəsilə insanları ən gözələ və ən asan olana çağırmışdır. Allahın bizi çağırdığı din əxlaqı çox asan, ibadətlər hər insanın gücü çatacağı şəkildədir. Allah gücü çatmayanlar üçün də bir çox asanlıq bildirmiş, onlara Rəbbimizin rizasını qazana biləcəkləri yolları göstərmişdir. Allah dininin asan olduğunu ayələrində belə bildirir:
«Biz sənə ən asan olanı müyəssər edərik» («Əla» surəsi, 8).
«...O sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dinində olduğu kimi...» («Həcc» surəsi, 78).
«Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! Qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq göndərdik» («Taha» surəsi, 2-3).
Allah başqa bir ayəsində isə insana gücü çatmayacağından artığını yükləmədiyini bildirir:
«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!»« («Bəqərə» surəsi, 286).
Allahın insanlar üçün yaratdığı asanlıqlar Onun mərhəmətinin, bağışlayan olmasının və şəfqətinin təzahürüdür. Allah bəndələrini asan dinə cavabdeh etmişdir və dünyadakı bu asan imtahanın sonunda insanı bənzərsiz gözəllikdə, insanın xəyalına belə gətirməyəcəyi mükəmməllikdə olan nemətlərlə dolu olan sonsuz Cənnət həyatı ilə mücdələyir:
«Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnətlərlə mücdələr. Onlar orada əbədi qalacaqlar. Böyük mükafat, həqiqətən, Allah yanındadır!» («Tövbə» surəsi, 21-22).
Allah heç bir şeyə ehtiyacı olmayandır, hər cür əskiklikdən uzaqdır. İnsanların isə Allaha ibadət etməyə və gözəl əxlaq göstərməyə ehtiyacları var. Dünyanın ən zülmkar, ən imansız insanı da Allaha heç bir şəkildə zərər verə bilməz. Allah canlı və cansız bütün varlıqların tək hakimi və tək sahibidir. Buna baxmayaraq, Allah insanlara gözəl davranışlarına görə onları mükafatlandıracağını bildirir. Bu, Allahın ali bağışlayan və rəhmət sahibi olmasının dəlillərindən biridir.
Allahın insanları qaranlıqlardan nura çıxaran haqq kitablar endirməsi və onları doğru yola çağıran elçilər göndərməsi də Rəbbimizin rəhmətinin təzahürlərindəndir. Allah haqq kitabı olan Quranı insanlara doğrunu və yanlışı bildirən nur etmiş, onunla insanlara hər şeyi açıqlamışdır. Rəbbimiz insanları cavabdeh etdiyi hər cür ibadəti, inancı və davranış şəklini açıq-aydın ayələri ilə bizə bildirmişdir.
«Həqiqətən, Biz onlara elmlə müfəssəl izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət - olan bir kitab gətirdik» («Əraf» surəsi, 52).
Allah Quranı qorumuş, tək bir hərfinin belə dəyişməsinə izn verməmişdir. Allah bu həqiqəti ayələrində belə bildirir:
«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!» («Hicr» surəsi, 9).
«Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi, şükrə layiq olan tərəfindən nazil edilmişdir» («Fussillət» surəsi, 42).
Qiyamətə qədər qorunacaq və bizim üçün qanun olan, qüsursuz və əskiksiz yol göstərənə sahib olmaq insanlar üçün böyük nemət və asanlıqdır. Allah Quranın möminlər üçün əhəmiyyətini belə bildirir:
«...Biz Kitabı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və mücdə olaraq nazil etdik!» («Nəhl» surəsi, 89).
Bundan başqa, Allah tarix boyu insanlara elçilərini də göndərmişdir. Allahın seçdiyi elçilər çox etibarlı, təqva sahibi, ədalətli, gözəl əxlaqlı və çox xeyirli kimsələrdir. Elçilər yalnız Allahın rizasını axtarmış, ölümdən belə çəkinmədən, insanları doğru yola çağırmaq üçün həyatları boyu mübarizə aparmışlar. Allahın elçilərinin başqa bir xüsusiyyəti də çox şəfqətli, möminlərə qarşı çox mehriban, onları qoruyub qayğısına qalan, dərin düşüncəli, diqqətli və fədakar şəxslər olmalarıdır. Allahın tarix boyu seçdiyi bütün elçilərin bu qədər gözəl xüsusiyyətlərə sahib olmaları Rəbbimizin möminlərə böyük lütfüdür.
Allahın insanlara hər şeyi açıq bildirmiş olması, haqq kitablar və etibarlı elçilərlə onları asan olan bir yola çağırması Allahın insanlar üzərindəki rəhmətinin və qoruyuculuğunun bir təzahürüdür. Allah tarix boyu insanlara rahatlıq yaratmış, istəklərini onlara ən gözəl vasitəçilərlə çatdırmış, çağırışına tabe olanların himayəçisi və qoruyucusu olacağını vəd etmiş və bütün bunlardan sonra onları sonsuz gözəllikdə olan Cənnəti ilə mücdələmişdir. Rəhman və Rəhim olan Allah dünyada da, axirətdə də insanlara rəhmət edən, onları qoruyan, nemətləndirən sonsuz şəfqət sahibi olandır. Düşünən, ağıl və vicdan sahibi olan hər insan ona verdiyi bütün bu nemətlər üçün Allaha ən gözəl şəkildə şükr edər və Rəbbimizə səmimi sevgi və təslimiyyətlə bağlanar. |