|
I KİTAB
Elmi dəlillər işığında
YARADILIŞ HƏQİQƏTİ
GİRİŞ
Oturduğunuz yerdən bir ətrafınıza baxın. Olduğunuz otaqdakı
hər şeyin ''düzəldilmiş'' olduğunu
görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz
kitab, stolun üstündə duran bir stəkan -sayılmayacaq qədər çox əşya... Bunlardan
bircə dənəsi də özbaşına əmələ gəlməyib. Ən adi görünən xalı saçağını belə
işləyib hazırlayan
var, o saçaq otağa öz qərarı ilə və ya təsadüfən gəlib yerləşməyib.
Əlinə kitab alan insan onun da bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün
yazıldığını bilir, təsadüfən ortaya çıxdığını düşünmür. Həmçinin bir
heykələ baxan insan onun bir sənətkar
tərəfindən hazırlandığına
şübhə
etməz. Nəinki saysız-hesabsız
sənət əsərlərinin öz-özünə yaranmadığını,
hətta üst-üstə duran 2-3 kərpici belə
planlı bir hərəkətlə
o şəklə gətirən kimsənin olduğunu
heç kim inkar etməz. Başqa sözlə desək,
kiçik, yaxud böyük düzən olan yerdə şübhəsiz
ki, bu düzənin bir qurucusu və qoruyucusu olduğu da labüddür. Bir gün biri
durub, xam dəmir və kömürün təsadüfən poladı, poladın da təsadüfən Eyfel
qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına
şübhə
edilməzmi?!
Allahı
inkar etməyin tək üsulu olan təkamül nəzəriyyəsinin iddiası da bundan fərqli
deyil. Təkamül nəzəriyyəsinə görə, üzvi (orqanik) molekulalar təsadüfən amin
turşularını, amin turşuları təsadüfən zülalları (proteinlər), zülallar da
təsadüfən canlı orqanizmləri təşkil edir. Lakin canlıların təsadüfən yaranışı ehtimalı
Eyfel qülləsinin təsadüfən yaranmasından kifayət qədər az ehtimal
olunandır. Çünki ən adi bir
hüceyrə belə insanın düzəltdiyi
hər
hansı bir şeydən daha
mürəkkəbdir. Təbiətdəki qeyri-adi
harmoniya adi gözlə belə aydın görünür.
Bu tarazlığın təsadüfən və ya xaotik
halda meydana gəldiyi necə düşünülə
bilər?! Ayrı-ayrılıqda hər
nöqtəsi Yaradanın varlığını sübut edən kainatın öz-özünə var olduğunu söyləmək
ən məntiqsiz iddiadır.
Axı bədənimiz də daxil olmaqla, intəhasız
kainatın ən ucqar nöqtələrinədək,
hər yerdə mövcud olan tarazlığın da
qurucusu və sahibi
olmalıdır. Yaxşı, bəs hər
şeyi belə incə-incə qurub, meydana gətirən Yaradıcı kimdir?
O, kainatın daxilindəki hər hansı bir maddi varlıq ola bilməz. Çünki, o, öncədən
var olan və bütün kainatı sonradan yaradan bir iradə sahibi olmalıdır -hər şeyin
varlığının qaynağı olan, amma öz varlığı əzəli və ədəbi olan Uca Yaradan...
Mövcudluğunu ağılla dərk etdiyimiz Yaradanı bizlərə tanıdan dindir. Onun bizə
din vasitəsilə çatdırdığı biliyə görə, o, göyləri və yeri yoxdan var edən Rahman
və Rahim olan Allahdır.
İnsanların çoxu isə bu həqiqətləri qavramağa imkan verən məntiqə sahib
olmalarına baxmayaraq, ondan xəbərsiz yaşayırlar. İnsanlar rəsm gördükləri zaman
əvvəlcə onun kim tərəfindən çəkildiyini öyrənmək istəyirlər. Daha sonra da
çəkdiyi rəsmə görə rəssamı tərifləyirlər. Fəqət, başlarını çevirdikləri hər
tərəfdə o rəsmin saysız gerçəyi ilə qarşılaşdıqları halda, bütün bu
gözəlliklərin tək sahibi olan Allahın varlığını dərk etmirlər. Onun varlığını
anlamaq üçünsə xüsusi araşdırmaya ehtiyac yoxdur. İnsan doğulduğu andan tək bir
otaqda belə yaşasa, o otaqda mövcud olan saysız dəlillər Allahın varlığını dərk
etmək üçün kifayət edər.
Sadəcə insan bədənində yaradılışı təsdiqləyən dəlillər cildlərlə ensiklopediyaya
sığacaq qədərdir. Bun görə də bir neçə dəqiqə vicdanla düşünmək Allahın
varlığını anlamaq üçün yetərlidir. Var olan bu sistem Allah tərəfindən
qorunmaqda və Onun tərəfindən davam etdirilməkdədir.
Düşünülməsi lazım olan yalnız insan deyil. Yer üzərində hər kvadrat millimetrdə
insanın gördüyü və ya görmədiyi bir həyat yaşanmaqdadır. Təkhüceyrəli
orqanizmlərdən bitkilərə, böcəklərdən dəniz heyvanlarına, quşlardan sürünənlərə
qədər hər cür canlı yer üzünü bürüyüb. Əlinizə bir ovuc torpaq alıb
araşdırsanız, içində bir-birindən fərqli xüsusiyyətlərə malik cürbəcür canlılar
olduğunu görərsiniz. Eyni şeyi nəfəs aldığımız hava üçün də deyə bilərik. Hətta
dərimizin üzərində bəlkə də heç adını eşitmədiyimiz canlılar yaşamaqdadırlar.
Bütün canlıların bağırsaqlarında həzm prosesini təmin edən milyonlarla bakteriya
və ya təkhüceyrəli canlı yaşamaqdadır. Heyvanlar isə insanlardan qat-qat çoxdur.
Bitki dünyasını da nəzərə alsaq, anlayarıq ki, yer üzərində həyat olmayan boş
bir sahə yoxdur. Milyonlarla kvadrat kilometrlik əraziyə yayılan bu canlıların
hər birinin özünə aid bədən quruluşu, yaşayış tərzi, yer üzündəki tarazlığa
təsiri kimi saysız xüsusiyyətləri var. Bütün bunların səbəbsiz, məqsədsiz və
təsadüfən var olduğunu iddia etmək ağla zidd, mənasız fikirdən başqa bir şey
deyil. Çünki heç bir canlı öz istəyi və səyi ilə yer üzünə gəlməyib. İstənilən
hər hansı təsadüf də bu qədər mürəkkəb sistemlər təşkil edə bilməz.
Bütün bu dəlillərin bizi apardığı nöqtə isə kainatın bəlli bir ''şüur''la
hərəkət etməsi fikridir. Bəs bu şüurun qaynağı nədir? Əlbəttə, kainatdakı canlı
və cansız varlıqlar deyil, harmoniyanı quran və quruluşu qoruyan onlar ola
bilməzlər. Allahın varlığı və böyüklüyü kainatdakı saysız dəlillə özünü
göstərir. Əslində, bu açıq həqiqəti vicdanı ilə qəbul etməyən bir insan yoxdur.
Ancaq Quranda bildirildiyi kimi, insanların çoxu ''vicdanları qəbul etdiyi
halda, zalımlığı və təkəbbürlülüyü üzündən'' bunu inkar edirlər
(''Nəml'', 27/14).
Əlinizdəki kitab bu adamların öz mənafelərinə uyğun bilməyərək üz çevirdikləri
həqiqəti ortaya qoymaq, əsassız iddialarının söykəndiyi saxtakarlıqları və çürük
məntiqi faş etmək üçün yazılıb. Bir-birindən fərqli mövzulara toxunmağımızın
səbəbi də budur.
Bu əsəri oxuyanlar Allahın varlığını isbatlayan şəksiz dəlilləri bir daha
görəcək və şahid olacaqlar ki, ''Allahın varlığı hər yeri bürümüşdür və ''ağıl''
bunu bilir. Hər yerə hakim olan bu quruluşu yaradan da, onu dayanmadan qoruyan
da Odur''.
YOXLUQDAN VARLIĞA
İçində yaşadığımız ucsuz-bucaqsız kainatın necə var olduğu, hara getdiyi,
içindəki quruluş və tarazlığı təşkil edən qanunların necə işlədiyi hər dövrdə
insanları maraqlandıran mövzu olub. Elm adamları bu mövzu ilə əlaqədar əsrlər
boyu düşünüb, araşdırmalar aparmış, bir çox nəzəriyyələr irəli sürmüşlər.
XX əsrin başlanğıcına qədər hakim olan fikir kainatın sonsuz ölçülərə malik
olduğu, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklindəydi.
''Statik kainat modeli'' adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir
başlanğıc və ya son yoxdur.
Materializm maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını
qəbul etməyən bir düşüncə sistemidir. Tarixi qədim Yunanıstana qədər uzanan,
amma xüsusilə XIX əsrdə yayılmağa başlayan bu sistem Karl Marksın dialektik
materializm nəzəriyyəsi ilə daha da tanınmışdır.
XIX əsrdəki dəyişməz kainat modeli başda bildirdiyimiz kimi, materialist
fəlsəfəyə zəmin olaraq hazırlanmışdı. Materialist filosof George Politzer bu
kainat modelinə əsaslanaraq, ''Fəlsəfənin başlanğıc müddəaları'' kitabında
''kainatın yaradılmış bir şey'' olmadığını irəli sürmüş və belə demişdir:
''Kainat yaradılmış bir şey deyil. Əgər yaradılmış olsaydı, o zaman onun Tanrı
tərəfindən bəlli bir anda yaradıldığını və yoxdan var edildiyini qəbul
etmək lazım gələrdi. Yaradılışı qəbul edə bilmək üçün hər şeydən əvvəl kainatın
olmadığı bir zamanın olduğunu qəbul etmək lazım gəlir. Bu isə elmin qəbul
etməyəcəyi bir şeydir''[1].
Politzer kainatın yoxdan var edilmədiyini iddia edərkən XIX ərin dəyişməz kainat
modelinə əsaslanır və buna görə də ortaya elmi bir müddəa qoyduğunu sanırdı.
Lakin XX əsrdə inkişaf edən elm və texnologiya materialistlər üçün zəmin rolunu
oynayan dəyişməz kainat modeli kimi əsas anlayışı kökündən silib atdı.
Başlanğıcı olmadığı halda kainatın anidən böyük bir partlayışla yaradıldığı
yaşadığımız XXI əsrdə müasir fizika tərəfindən bir sıra təcrübə, müşahidə və
hesablamalarla isbat olunmuş vəziyyətdədir.
Bundan başqa, artıq kainatın matrialistlər iddia etdikləri kimi sabit və
dəyişməz olmadığı, tam tərsinə, sürətli bir hərəkət və dəyişiklik içində olduğu,
genişləndiyi müəyyənləşdirilib. İndi bu həqiqətlər bütün elm dünyası tərəfindən
qəbul edilməkdədir. Kainatın bir başlanğıcının olması onun yoxdan var edildiyi,
yəni yaradıldığı mənasında başa düşülür. Əgər (daha öncə yoxkən) yaradılan bir
varlıq varsa, onun mütləq bir Yaradıcısı olduğunu yaxşı başa düşürük. Yoxdan var
olma insan ağlının qavrayacağı bir şeydir. Yoxdan var etmək (sənət əsərləri və
ya texnoloji ixtiralar) nələrisə bir yerə yığıb, yeni bir şey düzəltməkdən çox
fərqlidir. Çünki yaradılanın heç bir nümunəsi yoxkən, hətta yaratmaq üçün zaman
və məkan belə olmadığı halda, bir anda bir dəfəyə qüsursuz var olması onu ancaq
Allahın yaratdığına sübutdur.
Kainatın yoxdan var olması da onun yaradılmış olduğuna ən böyük dəlildir. Bu
həqiqət dərindən düşünülərsə, çox şeyi dəyişdirər, insanların həyatın mənasını
dərk etmələrinə və həyata baxışlarını, məqsədlərini buna uyğun
müəyyənləşdirmələrinə səbəb olar. Lakin tarix boyunca bir qrup insan sübutları
aşkar gördüyü halda, tam dərk etmədiyi yaradılış həqiqətini görməyib. Digər
insanlarda da səhv düşüncə yaratmaq məqsədilə bir qrup alternativ varolma
nəzəriyyələri icad edilib. Ancaq elm işığının üzə çıxartdığı dəlillər qısa
zamanda bu iddiaları qəti olaraq rədd edib.
İndi də kainatın var olması ilə bağlı inkişaf prosesini elmi şəkildə qısaca
nəzərdən keçirək.
KAİNATIN GENİŞLƏNMƏSİ
1929-cu ildə Kaliforniyada Mount Vilson kosmik müşahidə məntəqəsində amerikalı
astronom Edvin Hubbl astronomiya tarixində ən böyük kəşflərdən birini etdi.
Hubbl teleskopla göy üzünü müşahidə edərkən, ulduzların qırmızı rəngli işıq
yaydığını müəəyyən etdi. Bu kəşf elm dünyasında böyük əks-səda yaratdı. Çünki
məlum olan fizika qanunlarına görə, müşahidənin aparıldığı nöqtəyə doğru hərəkət
edən işıqların izi tədricən bənövşəyi rəngə, müşahidənin aparıldığı nöqtədən
uzaqlaşan işıqların izi isə qırmızı rəngə çevrilər. Hubbl isə müşahidələrində
ulduzların işıqlarında qırmızı rəngə meyl görmüşdü. Yəni ulduzlar bizdən
müntəzəm olaraq uzaqlaşmaqdaydılar.
Az vaxtdan sonra Hubbl çox mühüm bir məsələni də kəşf etdi: ulduzlar və
qalaktikalar yalnız bizdən deyil, bir-birilərindən də uzaqlaşırdılar. Hər şeyin
bir-birindən uzaqlaşdığı bir kainat düşüncəsi qarşısında əldə ediləcək tək
nəticə kainatın hər an ''genişlənməkdə'' olmasıydı.
Bunu daha yaxşı başa düşmək üçün kainatı şişirdilən şar səthi kimi təsəvvür
etmək olar. Şar şişdikcə onun üzərindəki nöqtələr bir-birindən uzaqlaşdığı kimi,
kainatdakı cisimlər də o genişləndikcə bir-birindən uzaqlaşmaqdadırlar.
Əslində bu həqiqət daha öncədən də nəzəri olaraq kəşf edilmişdi. Böyük elm
adamlarından sayılan Albert Eynşteyn nəzəri fizika sahəsində apardığı
hesablamalarda kainatın dəyişməz qalmayacağı qənaətinə gəlmişdi. Fəqət, o dövrdə
əksəriyyətin qəbul etdiyi dəyişməz kainat modelinin əksinə olduğunu nəzərə
alaraq, bu kəşfi bir kənara qoymuşdu. Sonra isə bu hərəkətini ''karyerasının ən
böyük xətası'' adlandırmışdı. Lakin bir müddət sonra Hubblın müşahidələri ilə
kainatın genişləndiyi dəqiqləşdi.
Bəs kainatın genişlənməsinin onun var olmasını sübut etmək üçün əhəmiyyəti nə
idi?
Kainat genişləndiyinə görə, onun tək bir nöqtədən başladığı ortaya çıxırdı.
Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu ''tək
nöqtə''nin ''sıfır həcmə'' və ''sonsuz sıxlığa'' malik olduğunun labüdlüyünü
göstərdi. Beləliklə, kainatın sıfır həcmə malik bu nöqtənin partlaması
nəticəsində yarandığı fikri təsdiqləndi. Kainatın başlanğıcı olan bu böyük
partlamaya ingiliscə ''Biq Banq'' adı verildi və bu nəzəriyyə eyni adla
adlanmağa başladı.
Burada bildirmək lazımdır ki, əslində, ''sıfır həcm'' bu mövzunun nəzəri
ifadəsidir. Elm insan ağlının dərketmə sərhədini aşan ''yoxluq'' anlayışını
ancaq ''sıfır həcmli nöqtə'' kimi ifadə edir. Həqiqətdə isə ''sıfır həcmli
nöqtə'' ''yoxluq'' mənasına gəldiyindən, demək olar ki, kainat da yoxluqdan var
olmuşdur. Digər
bir ifadə ilə yaradılmışdır.
Bəlli olduğu kimi, ''Biq Banq'' nəzəriyyəsi başlanğıcda kainatdakı bütün
cisimlərin bütöv olduğunu, sonradan ayrıldıqlarını göstərir. ''Biq Banq''
nəzəriyyəsinin ortaya qoyduğu bu həqiqət 14 əsr əvvəl -insanların kainat
haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə nazil olan Quranda
əksini bu cür tapır: ''Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim
onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də
iman gətirməzlər?!'' (''Ənbiya'',
21/30).
Bu ayədə bildirildiyi kimi, hər şey -hətta hələ yaradılmamış göy və yer belə tək
bir nöqtədəykən böyük partlayışla yaradılmış və bir-birilərindən ayrılaraq,
kainatın bu günkü şəklini meydana gətirmişlər. Ayənin ifadələrini ''Biq Banq''
nəzəriyyəsi ilə müqayisə edərkən, bir-birinə tam uyğun gəldiklərini görürük.
Lakin ''Biq Banq''ın elmi nəzəriyyə kimi ortaya atılması ancaq XX əsrdə mümkün
olmuşdur.
Kainatın genişlənməsi ''Biq Banq'' nəzəriyyəsinin, yəni kainatın yoxdan var
edildiyinin ən mühüm dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam
edən bu həqiqət müasir elm tərəfindən ancaq ötən əsrdə kəşf edildiyi halda,
Quran bu həqiqəti 14 əsr əvvəl xəbər vermişdi: ''Biz göyü qüdtətimizlə
yaratdıq və Biz qadirik'' (''Zariyat'', 51/47).
''BİQ BANQ''A ALTERNATİV TƏDQİQATLAR
Aydın göründüyü kimi, Böyük Partlayış nəzəriyyəsi kainatın yoxdan var
edildiyinə, yəni Allah tərəfindən yaradıldığına sübut idi. Buna görə də
materialist fəlsəfəni mənimsəyən astronomlar ''Biq Banq''a qarşı çıxmağa və
sabit vəziyyət nəzəriyyəsini müdafiə etməyə çalışdılar. Bu, tanınmış materialist
fizik A.S.Eddinqtonun ''fəlsəfi olaraq təbiətin birdən-birə başlamış olduğu
düşüncəsi mənə cəzbedici gəlmədi'' sözündən başa düşülürdü[2].
''Biq Banq'' nəzəriyyəsindən narahat olanlardan biri də bütün dünyada məşhur
olan astronom Sir Fred Hoyl idi. Hoyl əsrin ortalarında ortaya XIX əsrdəki
dəyişməz kainat anlayışına bənzər ''Sabit durum'' adında bir nəzəriyyyə atdı.
Sabit durum nəzəriyyəsi kainatın ölçü və zamana görə sonsuz olduğunu iddia
edirdi. Göründüyü kimi, tək məqsədi materialist fəlsəfəni dəstəkləmək olan bu
nəzəriyyə kainatın başlanğıcı olduğunu deyən ''Biq Banq'' nəzəriyyəsinə tamamilə
ziddir. Sabit durum nəzəriyyəsini müdafiə edənlər uzun zaman ''Biq Banq''a qarşı
çıxdılar. Amma elm onların əleyhinə işləyirdi. 1948-ci ildə Georq Qamov ''Biq
Banq''la bağlı yeni bir iddia irəli sürdü. Bu iddiaya görə, əgər kainatın Böyük
Partlayışla yarandığı əsas götürülürsə, onda bu partlayışdan sonra radiasiya
əmələ gəldiyi də qəbul edilməlidir. Üstəlik, bu radiasiyanın kainatın hər
tərəfinə bərabər miqdarda yayılması düşünülməlidir. Olması lazım olan bu dəlil
çox keçmədən tapıldı.
BAŞQA BİR DƏLİL - KOSMİK FON RADİASİYASI
1965-ci ildə Arno Penzias və Robert Vilson adlı iki tədqiqatçı bu dalğaları
təsadüfən kəşf etdilər. ''Kosmik Fon Radiasiyası'' adı verilən bu radiasiya yer
mənşəli deyil və kainatın hər tərəfinə yayılıb. Beləcə, uzun bir zamandır
kainatın hər yerindən eyni ölçüdə alınan istilik dalğalarının Böyk Partlayışın
ilk dövrlərindən qalma olduğu ortaya çıxdı. Penzias və Vilson isə bu kəşflərə
görə Nobel mükafatı qazandılar.
1989-cu ildə Amerika Kosmik Araşdırmalar Mərkəzi -NASA Kosmik Fon Radiasiyasını
araşdırmaq üçün kosmosa ''COBE'' peykini göndərdi. Bu geniş imkanlı peykə
yerləşdirilən həssas skanerlərin Penzias və Vilsonun hesablarını təsdiqləməsi
cəmi 8 dəqiqə çəkdi. ''COBE'' kainatın başlanğıcındakı Böyük Partlayış qatlarını
tapmışdı. Bütün zamanların ən böyük astronomik kəşfi adlandırılan bu yenilik
''Biq Banq'' nəzəriyyəsinin açıq isbatı idi. ''COBE''-dən sonra kosmosa
göndərilən ''COBE -2'' peykinin kəşfləri də ''Biq Banq''a əsaslanaraq aparılan
hesabları təsdiqlədi.
''Biq Banq''ın digər bir mühüm dəlili isə kosmosdakı hidrogen və helium
qazlarının miqdarı idi. Müasir elmi hesablamalar nəticəsində məlum olub ki,
kainatdakı hidrogen və helium qazlarının nisbəti Böyük Partlayışdan sonrakı
hidrogen və helium nisbətinin nəzəri hesablamalarına uyğundur. Əgər kainatın bir
başlanğıcı olmasaydı və o, sonsuzdan bəri mövcud olsaydı, içindəki hidrogen
tamamilə yanaraq heliuma çevrilərdi.
Bütün bu açıq dəlillər ''Biq Banq'' nəzəriyyəsinin elm dünyasında qəti qəbul
olunmasına şərait yaratdı. ''Biq Banq'' modeli elmin kainatın yaranması və
başlanğıcı barədə gəldiyi qəti qənaət idi.
Fred Hoylla birlikdə uzun illər sabit durum nəzəriyyəsini müdafiə edən Dennis
Sciama bir-birinin ardınca gələn və ''Biq Banq''ı təsdiq edən bütün dəlillər
qarşısında gəldiyi nəticəni belə bildirir: ''Sabit durum nəzəriyyəsini müdafiə
edənlərlə sınaqdan keçirənlər və məncə, onu yıxmaq istəyənlər arasında sərt
mübahisə var idi. Bu mərhələdə mən də üzərimə bir vəzifə götürmüşdüm;
doğruluğuna inandığım üçün deyil, doğru olmasını istədiyim üçün. Sabit durum
nəzəriyyəsinə qarşı dəlillər ortaya çıxmağa başladıqca Fred Hoyl bu dəlillərlə
mübarizə aparmaqda lider rolunu öz üzərinə götürmüşdü. Mən də onun yanında bu
dəlillərə necə cavab verilə biləcəyi barədə fikirlər irəli sürürdüm. Amma
dəlillər toplandıqca artıq oyunun bitdiyi və sabit durum nəzəriyyəsini bir
kənara qoymağın vaxtı olduğu ortaya çıxırdı''[3].
Kaliforniya Universitetindən prof. George Abel də ''bu gün mövcud olan dəlillər
kainatın milyardlarla il öncə ''Biq Banq''la başladığını göstərir, ''Biq Banq''
nəzəriyyəsini qəbul etməkdən başqa çarəmiz yoxdur'' deməkdədir. ''Biq Banq''ın
bu qələbəsi ilə birlikdə materialist fəlsəfənin təməli olan ''əzəli maddə''
anlayışı da tarixə düşmüş oldu. Bəs o zaman -''Biq Banq''dan əvvəl nə vardı və
olmayan kainatı bu böyük partlayışla var edən güc nə idi? Əlbəttə ki, bu sual
Artur Edinqtonun sözü ilə desək, materialist üçün fəlsəfi olaraq həqiqət,
Yaradıcının varlığı əvəzinə ''kainatın yaradılmış olduğu''nu göstərməkdədir.
Tanınmış ateist filosof Antoni Flev bu mövzu ilə bağlı belə deyir: ''Etiraf
etmənin insan ruhuna xoş gəldiyini söyləyirlər. Mən də bir etiraf edəcəyəm:
''Biq Banq'' modeli bir ateistə görə olduqca sıxıntı vericidir. Çünki elm dini
qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir ki, bu da
kainatın bir başlanğıcı olduğu iddiasıdır. Sadəcə olaraq, kainatın bir sonunun
və başlanğıcının olmadığını qəbul etdiyimiz zaman onun indiki varlığının qəti
bir açıqlaması olduğunu söyləyə bilərik. Mən hələ də bu izaha inanıram, amma
bunu ''Biq banq'' qarşısında müdafiə etməyin çox asan və rahat olmadığını etiraf
etməliyəm''''[4].
Kor-koranə ateistliyi qəbul etməyən bir çox elm adamı isə kainatın yaradılışında
sonsuz güc sahibi olan bir Yaradıcının varlığını qəbul etməkdədir. Bu Yaradıcı
isə həm maddəni, həm də zamanı yaradan, lakin onların heç birindən asılı
olmayaraq mövcud olan bir varlıq olmalıdır. Tanınmış amerikalı astrofizik Huqh
Ross bu həqiqəti belə açıqlayır: ''Əgər zaman və maddə partlayışla birlikdə
ortaya çıxmışdırsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və
məkandan kənarda, tamamilə müstəqil olmalıdır. Bu, bizə Yaradıcının kainatdakı
bütün ölçülərin fövqündə durduğunu göstərir. Eyni zamanda, Yaradıcının
bəzilərinin müdafiə etdiyi kimi, kainatın özü olmadığını və onu əhatə etdiyini,
sadəcə olaraq kainatın içində bir güc olmadığını sübut edir''[5].
Maddə və zaman bütün bu anlayışlardan asılı olmayan, sonsuz güc sahibi olan bir
Yaradıcı tərəfindən var edilmişdir. O Yaradıcı göylərin və yerin Rəbbi olan
Allahdır.
KOSMOSDA HƏSSAS TARAZLIQLAR
Əslində, ''Biq Banq''ın materialistlər üçün yaratdığı problem ateist filosof
Antoni Flevin yuxarıda qeyd edilən etirafından çox böyükdür. Çünki ''Biq Banq''
kainatın yalnız yoxdan var edildiyini deyil, eyni zamanda, çox planlı, nizamlı
və nəzarətli bir vəziyyətdə var edildiyini göstərməkdədir.
Böyük Partlayış kainatın bütün maddəsini və enerjisini təmin edən nöqtənin
partlaması və böyük sürətlə kosmosa yayılması ilə baş verdi. Qorxunc bir sürətlə
hər tərəfə yayılan maddədən qalaktikalar, ulduzlar, Günəş, Yer və bütün göy
cisimlərini özündə saxlayan çox böyük bir tarazlıq meydana gəldi. Buna əlavə
olaraq, insanların ''fizika qanunları'' adlandırdıqları, kainatın hər yerində
eyni olan və dəyişməyən qanunlar yarandı. Bütün bunlar Böyük Partlayışın dalınca
Böyük Quruluşun meydana gəldiyini göstərməkdədir.
Lakin partlayışlar ahəngli bir sistem əmələ gətirməzlər. Müşahidə etdiyimiz
bütün partlayışlar var olan ahəngli sistemi pozur, parçalayır və yox edir.
Məsələn, atom və hidrogen bombalarının partlaması nəticəsində yaranan
partlayışlar, saf metan qazının əmələ gətirdiyi partlayışlar, vulkanik
partlayışlar, təbii qaz partlayışı, Günəşdə meydana gələn və s. partlayışları
araşdırsaq, nəticənin hər zaman dağıdıcı olduğu görünər.
Əgər bir partlayışın ardınca qarşımıza çox nizamlı bir düzən çıxarsa, məsələn,
yer altındakı bir partlayış ortaya qüsursuz sənət əsərləri, böyük saraylar,
füsunkar binalar çıxararsa, o zaman bu partlayışın dalında qeyri-təbii bir
müdaxilə olduğu, partlayışla birlikdə yayılan bütün parçaların həqiqətdə çox
nəzarətli bir halda hərəkət etdikləri qənaətinə gələrik.
Uzun illər ''Biq Banq'' nəzəriyyəsinə qarşı çıxdıqdan sonra səhvini etiraf edən
Sir Fred Hoylun sözləri bu vəziyyəti gözəl ifadə edir: ''''Biq Banq''
nəzəriyyəsi kainatın tək və böyük bir partlayışla başladığını qəbul edir. Amma
bildiyimiz kimi, partlayışlar maddəni dağıdır və sistemsizləşdirirlər. Lakin
''Biq Banq'' bunun tam əksi olan bir təsir meydana çıxarmışdır: maddəni bir-biri
ilə birləşdirəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir''[6].
Hoyl ''Biq Banq''ın ahəngli sistem təşkil etməsinin ziddiyyətli olduğunu
deyərkən, əlbəttə, onu materialist mühakimə ilə izah etməkdə, yəni bunun
''nəzarətsiz bir partlayış'' olduğunu güman etməkdədir. Lakin Yaradıcının
varlığını qəbul etməmək üçün belə bir açıqlama verərək, özü əsl ziddiyyətli
vəziyyətə düşmüşdür. Çünki partlayışla birlikdə çox böyük bir quruluş əmələ
gəlmişsə, o zaman ''nəzarətsiz partlayış'' fikrini kənara atmaq və partlayışın
qeyri-adi şəkildə nəzarətli olduğunu qəbul etmək lazımdır.
''Biq Banq''dan sonra kainatda yaranan bu qeyri-adi ahəngin başqa bir yönü isə
yaşamağa əlverişli kainatın yaranmış olmasıdır. Yaşam şəraiti olan bir planetin
yaranması üçün lazım gələn şərtlər o qədər çoxdur ki, onun təsadüfən əmələ gələ
biləcəyini düşünmək mümkün deyil.
Tanınmış nəzəri fizika professoru Paul Davies ''Biq Banq''dan sonrakı inkişafın
sürətinin nə qədər ''həssas tənzimlənmiş'' olduğunu hesablamış və inanılmaz bir
nəticəyə gəlmişdir. Daviesə görə, ''Biq Banq''dan sonra baş verən inkişafın
sürəti hətta milyard dəfə milyardda-bir nisbətlə fərqli olsaydı, yaşayışın
mümkün ola biləcəyi bir ulduz belə əmələ gəlməz və kainatdakı canlılar ortaya
çıxmazdı. Davies belə deyir: ''Hesablamalar kainatın genişlənmə sürətinin çox
optimal olduğunu göstərməkdədir. Əgər kainat bir az daha yavaş genişlənsə,
cazibə qüvvəsi onu içinə çökdürəcək, bir az daha sürətli inkişaf etsə, kosmik
material tamamilə dağılacaqdır. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər
''yaxşı hesablandığı'' sualının cavabı çox maraqlıdır. Əgər partlayış sürəti
lazım gələn sürətdən milyard dəfə milyardda-bir nisbətdə fərqli olsaydı belə,
bu, vacib olan tarazlığı yox etməyə kifayət edərdi. Buna görə də ''Biq Banq''
hər hansı bir partlayış deyil, hər tərəfli, çox yaxşı hesablanmış və qurulmuş
quruluşdur''[7].
Böyük Partlayışla ortaya çıxan fizika qanunları bu 15 milyard ildə heç
dəyişməmişdir. Üstəlik bu qanunlar elə incə hesablar üzərində qurulmuşdur ki, bu
günki dəyərlərindən millimetrlə ölçülən xəta belə bütün kainatdakı quruluşu
ortadan qaldıra biləcək dərəcədə həssasdır.
Tanınmış fizik, professor Sterhen Havkinq də ''Zamanın qısa tarixi'' adlı
kitabında kainatdakı tarazlıqların əslində qavraya bildiyimizdən daha çox
hesablar və tarazlıqlar üzərində qurulduğunu bildirir. Havkinq kainatın inkişaf
sürətilə əlaqədar deyir: ''Kainatın genişlənmə sürəti o qədər önəmli bir
nöqtədir ki, ''Biq Banq''dan sonrakı birinci saniyədə bu nisbət əgər yüz milyon
dəfə milyonda-bir daha kiçik olsaydı, kainat indiki hala gəlmədən içinə
çökərdi''[8].
Paul Davies də bu ağlagəlməz incəlikdəki tarazlıq və hesablardan gəldiyi
qaçılmaz nəticəni belə açıqlayır: ''Çox kiçik riyazi dəyişikliklərə həssas
olan kainatın bu andakı quruluşunun çox diqqətli bir ağıl tərəfindən ortaya
çıxarıldığına qarşı durmaq çox çətindir... Təbiətin ən təməl tarazlıqlarından
həssas riyazi tarazlıqlar kosmik bir layihənin varlığını qəbul etmək üçün
olduqca güclü dəlildir''[9].
Eyni həqiqət qarşısında amerikalı Astronomiya professoru Georq Grensteyn də
''The Symbiotic Univers'' adlı kitabında belə yazır: ''Dəlilləri araşdırdıqca,
israrla mühüm bir həqiqətlə qarşılaşırıq. Kainatın əmələ gəlməsində qeyri-təbii
bir Ağıl mübadiləsi olmalıdır''[10].
MADDƏNİN YARADILIŞI
Böyük Partlayışdan sonra maddənin təməli olan atom meydana gəlmişdir. Daha sonra
bu atomlar bir yerə yığılaraq, içində ulduzlar və Günəş olan kainatı əmələ
gətirmişlər. Ətrafda gördüyünüz hər şey- bədəniniz, oturduğunuz kreslo, əlinizdə
tutduğunuz kitab, pəncərədən gördüyünüz göy üzü, torpaq, meyvələr, bitkilər,
-bütün maddələr Böyük Partlayışdan sonra əmələ gələn atomların bir yerə
yığılması ilə təşəkkül tapmışdır.
Bəs hər şeyin təməli olan atom nədən təşkil olunb və necə tərkibə malikdir?
Atomların quruluşu araşdırılarkən, onların hər birinin çox mükəmməl quruluşda
olduğu görünür. Hər atomun bir nüvəsi, nüvənin içində isə müəyyən sayda
protonlar və neytronlar var. Bundan başqa, nüvə ətrafında dəyişməyən orbitlərdə
1000 km/saniyə
sürətlə fırlanan elektronlar mövcuddur[11].
Atomdakı elektron və protonların sayı həmişə bərabər olur. Əgər birinin sayı
digərindən fərqli olsa, elektromaqnit tarazlığının pozulması səbəbindən atom
əmələ gəlməz. Atomun nüvəsi, nüvənin içindəki proton və neytronlar, ətrafındakı
elektronlar daima sürətlə fırlanmaqdadırlar. Onlar həm öz oxları ətrafında, həm
də bir-birilərinin ətrafında durmadan müəyyən sürətlə fırlanırlar. Hissəciklərin
fırlanma sürətləri də hər zaman bir-birilərini tənzimləyəcək nisbətlərdə və
atomun varlığını davam etdirməsini təmin edəcək şəkildədir. Əsla bir
ahəngsizlik, dəyişiklik və fərqlilik ola bilməz.
Yoxluğun içində meydana gələn böyük bir partlayışdan sonra bu qədər düzgün və
nizamlı quruluşu olan varlıqların əmələ gəlməsi insanı heyrətə salacaq
hadisədir. Çünki Böyük Partlayışın nəzarətsiz, təsadüfi olduğunu fərz etsək,
razılaşmalıyıq ki, sonra da nəzarətsiz cinslər əmələ gəlməliydi və əmələ gələn
hər şey də böyük qarışıqlıqla dağılmalıydı. Lakin varlığın başlanğıcından
etibarən hər nöqtədə bütöv bir sistem hakimdir. Məsələn, fərqli yerlərdə və
zamanlarda əmələ gəlmələrinə baxmayaraq, sanki bir-birindən xəbərdarmış və eyni
fabrikdən çıxmış kimi çox düzgün atomlar əmələ gəlməkdədir. Əvvəl elektronlar
özlərinə bir nüvə tapır və onun ətrafında fırlanmağa başlayırlar. Sonra atomlar
bir yerə yığılaraq, maddəni təşkil edirlər və bütün bunların nəticəsində bütöv
məna ifadə edən, məqsədyönlü və məntiqli maddələr, cismlər meydana gəlir. Ən
kiçik vahiddən, ən böyük parçaya qədər hər şey yerli-yerində və çox məqsədəuyğun
olur.
Bütün bunlar böyük qüvvə sahibi olan Yaradıcının varlığının qəti isbatı, hər
şeyin Onun dilədiyi şəkildə və dilədiyi zamanda əmələ gəldiyinin açıq
göstəricisidir. Necə ki, Allah yaratmasını Quranda belə ifadə edir: ''Göyləri
və yeri haqq olaraq yaradan Odur. Onun ''OL!'' deyəcəyi gün dərhal olar. Onun
sözü haqdır..'' (''Ənam'', 6/73).
''BİQ BANQ''DAN SONRA
Atomun quruluşundakı nizam bütün kainatı təsiri altına alır. Atom və
parçaları müəyyən bir quruluş daxilində hərəkət etdikləri üçün dağlar
dağılmır, yerlər bir-birindən ayrılmır, göy parçalanmır, qısacası, birlikdə
və sabit qalır. |
''Amma kainatın qəti olaraq müəyyən məqsədinin olduğunu göstərən bir məsələ var
ki, o da onun orada (yerində) təsadüfən durmamasıdır. Bəzi insanlara görə,
''kainat sadəcə olaraq oradadır, elə olmağa davam edir, biz də özümüzü
birdən-birə bu şeyin içində kəşf etmişik''. Bu nöqteyi-nəzərin kainatının
anlamamızda çox məhsuldar, ya da yardımçı olacağını zənn etmirəm. Məncə, kainat
və onun varlığının altında bu gün hələ tam anlamadığımız çox dərin məchullar
qalır''[12],
-kainatın mənşəyi ilə bağlı müxtəlif araşdırmalar aparan fizik Rocer Penrosenin
bu sözləri son dərəcə əhəmiyyətlidir. Bu ifadə də təsdiqldəyir ki, bir çox insan
kainatın bütün mükəmməl tarazlığı ilə sadəcə var olduğunu, təbii olaraq
yaşadığını düşünməklə səhv yola düşür.
Lakin bu gün elmi dairələr tərəfindən kainatın var olma səbəbi kimi qəbul edilən
Böyük Partlayışdan sonra son dərəcə qüsursuz və heyrətamiz bir quruluşun əmələ
gəlməsi əslində heç də təbii qarşılana biləcək bir hal deyil. Qısa olaraq,
kainatdakı möhtəşəm sistemi araşdırdığımız zaman onun var olması və proseslərin
təsadüfi səbəblərlə açıqlanmayacaq qədər qarışıq bir quruluş və həssas
tarazlıqlara arxalandığı həqiqəti ilə qarşılaşırıq. Aydın başa düşülür ki, bu
həssas tarazlığın və quruluşun güclü bir partlayışdan sonra öz-özünə və
təsadüfən əmələ gəlməsi qətiyyən mümkün deyil. ''Biq Banq'' kimi partlayışdan
sonra bu cür quruluşun yaranması ancaq qeyri-təbii yaradılış nəticəsində baş
verə bilər. Kainatdakı bu tayı-bərabəri olmayan düzən və quruluş maddəni yoxdan
var edən, onun hər anını nəzarəti və hakimiyyəti altında saxlayan sonsuz bir
bilik, güc və ağıl sahibi olan Yaradıcının varlığını sübut edir. O Yaradıcı
göylərin, yerin və hər ikisi arasında olan hər şeyin Rəbbi olan Allahdır.
Bütün bu həqiqətlər bizə XIX əsrdə doğulan materialist fəlsəfənin
müddəalarının XX əsr elmi tərəfindən necə hökmsüz edildiyini göstərməkdədir.
Müasir elm kainatda hakim olan böyük plan, layihə və quruluşu ortaya çıxaracaq
bütün varlıqları yaradan və nəzarəti altında saxlayan bir Yaradıcının -yəni
Allahın varlığını isbat edir.
Əsrlər boyu bir çox insana təsir edən, hətta bir dövr ''elmilik'' maskasına
bürünən materializm isə hər şeyin maddədən ibarət olduğunu iddia edib, maddəni
yoxdan var edən və quran Allahın varlığını rədd edərək böyük bir səhvə yol
verib. Bu üzdən də ağla, elmə zidd prinsip və batil bir inanc sistemi kimi
tarixin bir küncünə atılmağa məhkumdur. |